Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud
vəziyyətlə əlaqədar zərər çəkmiş
ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası
məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik
avadanlıqlarından ibarət humanitar yardım göndərilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, “Azerenerji”
ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk
hissəsini daşıyan yük avtomobil karvanı dekabrın 10-da Ukraynanın
Azərbaycandakı
səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin
iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb.
“Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan
humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil
karvanının yaxın günlərdə yola çıxması nəzərdə
tutulub”, – məlumatda qeyd edilir.
Xarici İşlər Nazirliyi bildirir ki, Ukraynadakı böhranla bağlı
Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30
milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif
qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli
xidmətlər göstərilib.
Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş
ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji
reabilitasiya məqsədilə Azərbaycan gətirilib. İrpen şəhərində hərbi
əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı
məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif
tədbirlər həyata keçirilib.