Marneulili məktəb direktorlarının sertifikat imtahanında iştirak edib-etməməsi məsələsi
Gürcüstan Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ictimai məktəb direktoru olmaq istəyənlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsi 22 yanvarda keçirilib.

3205 nəfər direktor olmaq istəyən şəxs imtahana qeydiyyatdan keçib. Ancaq imtahanda cəmi 1839 nəfər iştirak edib. Marneuli bələdiyyəsi miqyasında 74 ictimai məktəb var. Onların hamısını direktor səlahiyyətlərini icra edən şəxs idarə edir. Marneulidən neçə nəfərin imtahan verdiyi məlum deyil, ancaq ümumi iştirak edənlərin sayı göstərir ki, rəqabət böyük deyil.

“Marneuli” radiosu təsadüfi seçim prinsipi ilə 15 nəfərə yaxın Marneulili məktəb direktoru səlahiyyətlərinin icraçısına zəng vurdu. Demək olar ki, onların əksəriyyəti imtahan vermədiyini bildirdi. Səbəb olaraq isə sağlamlıq problemlərini qeyd etdilər, bir qismi isə imtahanın çətin olduğunu bildirdi.

“Xəstə idim, imtahana gedə bilmədim. Qeydiyyatdan keçmişdim, amma xəstəxanada idim və çıxa bilmədim”

“İmtahana getmədim, əvvəlcədən materiallara baxdım, çox çətindir. Bunun üçün dərindən hazırlaşmaq lazımdır. Doğrudur, gürcü dilini bilirəm, amma yenə də çətindir. Düzdür, bütün qanunları bilmək direktorun öhdəliyidir. Amma daha çox hazırlaşmaq lazım idi. Növbəti imtahana hazırlaşıb gedəcəyəm. Əməliyyat olunmuşam, indi gedə bilmədim”.


“Bəli imtahana getmişdim, çətinliyi haqqında heç nə deyə bilmərəm. Kimi üçün çətindir, belə asan deyildi. Çox çətin də deyildi, orta idi. Belə qiymətləndirərdim. Hamı ümid edir ki, imtahanı verəcək”.

“Xəstəyəm, imtahana getmədim. Qeydiyyatdan da keçməmişdim”.


“İmtahana getmişdim, iştirak etdim, çətin idi. Bilmirəm nə olacaq”, – direktor səlahiyyətlərinin icraçıları deyirlər. Onların kimliyini bilərək qeyd etmirik.

Direktorlarla söhbət zamanı dil baryeri problemi də ortaya çıxdı. Məktəblərdən birinin direktor səlahiyyətlərinin icraçısı bildirdi ki, imtahan komponentlərini nəzərə alsaq, imtahanın qeyri-gürcüdillilər üçün çətin olduğunu demək olar.

“Mən 2014-cü ildə imtahan vermişəm və yalnız müsahibə mərhələsindən keçirəm. O zaman verəndə çətin deyildi. Qeyri-gürcüdillilər üçün çətin ola bilər. Qanunvericilik özü də çətin dildə tərtib edilib. Onu dərk etmək asan deyil, xüsusilə qeyri-gürcüdillilər üçün. Müəllimin peşə inkişafına aid olan ədəbiyyat da çətindir və həqiqətən çətinlik çəkərdilər”.

Marneulidə işləyən, imtahanda iştirak etmiş pedaqoq dil baryerini vurğulayır. Milli müəllim mükafatının sahibi Qiorqi Çauçidze hesab edir ki, mövcud reallıqdan irəli gələrək, direktorlarla bağlı vəziyyət çox dəyişməyəcək. Səbəb olaraq isə rəqabətin aşağı olmasını və dil baryerini qeyd edir.

“İmtahanın məzmun tərəfinin namizədlərdə nəyi yoxlaması kifayət qədər rəngarəng idi. Məlumatlandırıcı idi, çünki əgər namizəd lazım olanı öz işində yazıb doldursa, həqiqətən təhsil sahəsindəki peşəkarlığını və ya biliyini göstərmiş olardı. Orada bir neçə məsələ var idi, məsələn, araşdırmanın planlaşdırılması, hansısa layihə yazmaq, eləcə də təhsil prosesinin təsviri və s. Həmçinin, müxtəlif qanunvericiliklərə əsasən qapalı suallar var idi. Deməzdim ki, asan idi. Beş saat vaxt ayrılmışdı və mənə bu vaxt tam lazım oldu. Daha artıq vaxt olsa idi, ola bilsin, yenə işləyərdim. Dil bilməyən, bilmək bir yana qalsın, lap yaxşı bilməyən adam bu halda gürcü dili imtahanını verə bilməzdi. Çətinlik çəkərdi demirəm, ümumiyyətlə verə bilməzdi. Konkret olaraq Marneulidə olan problemə görə məktəb rəhbərlərinin hamısı direktor səlahiyyətlərinin icraçılarıdırlar, əksəriyyəti olduğu kimi qalacaq. Ona görə ki, düşünmürəm, sertifikatlı namizədlər müxtəlif kəndlərə getməklə maraqlansınlar. Ümumiyyətlə, bu imtahana çoxları getməmişdi, amma Marneulidən neçə nəfər idi, bilmirəm. Mənim ehtimalıma görə, çox deyildi və məncə bu problem yenə olduğu kimi qalacaq”, – Qiorqi Çauçidze bildirdi.

Direktorun sertifikatlaşdırılması imtahanında aşağı iştirak director səlahiyyətlərinin icraçılarının yerlərini qoruyub-saxlamasına qismən zəmanət verir. Əgər Marneulinin hər hansı məktəbində sertifikatlaşdırılmış namizəd işləmək istəsə, o, məktəbin Qəyyumlar Şurası ilə müsahibədən keçməli olacaq. Şura isə həmin məktəbin müəllim və valideynlərindən ibarətdir.

Sertifikarlaşdırılmanın birinci mərhələsinin nəticələri hələ məlum deyil. İkinci mərhələyə keçmiş, məktəb direktoru olmaq istəyənlər müsahibə mərhələsindən keçəcəklər. Direktor olmaq istəyənlər imtahanı uğurla verdiyi halda sertifikatlaşdırmanın növbəti mərhələsinə keçəcəklər. Növbəti mərhələ isə müsahibəni nəzərdə tutur. Təqdim olunan namizədləri məktəbin Qəyyumlar Şurası seçir. Gürcüstan miqyasında ümumilikdə 2086 ictimai məktəb fəaliyyət göstərir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google