Marneuli yerli özünüidarəsi 6 aprel tarixində Yaponiyanın səfiri
və onu müşayiət edən şəxslərə nahar yeməyinin verilməsi üçün 4710
lari xərcləyib.
Marneuli meriyası fərdi sahibkar Vladimer Kimadze ilə
sadələşdirilmiş müqavilə bağlayıb.
“Xatırladaq ki, cari ilin 6 aprel tarixində Marneuli
meriyası işgüzar səfərdə olan Yaponiya səfiri və onu müşayiət edən
şəxsləri qarşılayacaq. Buradan irəli gələrək, qeyd olunan qonaqlara
nahar yeməyi veriləcək. Xahiş edirik, müvafiq xidmətə qonaqların
qarşılanması və qanunla nəzərdə tutulmuş qaydaya uyğun olaraq
alqı-satqı ilə əlaqədar işləri həyata keçirməsi tapşırığı
verilsin”, – izahatnamədə qeyd olunub.
Marneuli meriyası tərəfindən yayımlanmış sadələşdirilmiş müqavilədə
süfrənin neçə nəfərə açıldığı qeyd olunmayıb. Hesab-fakturaya
əsasən yerli özünüidarə müxtəlif növ yeməklərdən 9-9 porsiya
alıb.
6 aprel tarixində Yaponiyanın Gürcüstanda fövqəladə və səlahiyyətli
səfiri İmamura Akira Marneuli bələdiyyəsində rəsmi səfərdə
olub.
Səfərin məqsədi Yaponiya səfirliyinin insan təhlükəsizliyi qrant
proqramı çərçivəsində əldə edilmiş maliyyə nəticəsində alınmış
zibil daşıyan texnikanın meriyaya təqdim olunması idi.
Marneuli yerli özünüidarəsi Yaponiya səfirliyindən qrant qismində
82 234 ABŞ dollar alıb. Məhz həmin vəsaitlə alınmış yeni zibil
daşıyan maşın bələdiyyənin təmizlik xidmətinə, “Təmiz Marneuli”
MMC-yə veriləcək.