Havalar düzələn kimi Qızılhacılıda körpünün bərpasına, asfalt
çəkilməsinə başlanılacaq – Gürcüstan Yol Departamentindən belə
cavab aldıq.
2022-ci ilin payızında Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində
körpünün bərpası aparılırdı. Həftələr ərzində körpü bağlı idi və
maşınlar dolayı yolla hərəkət edirdilər. Yolun Qızılhacılı
kəndindən keçən bu hissəsi beynəlxalq əhəmiyyət daşıyır. Bu yoldan
istifadə etməklə Bolnisi, Dmanisi bələdiyyələrinə getmək və
Ermənistan-Gürcüstan sərhədini
keçmək mümkündür.
Qızılhacılıda yaşayan əhali bir neçə aydır, yolla hərəkət zamanı
narahatçılıqla üzləşir. Körpünün səthi yenə də qaydasında deyil.
Körpüdə dərin çuxurlar var və maşınlara hərəkət etməyə mane olur.
Tıxaclar yaranır.
“Körpünün vəziyyəti məni narahat edir. Maşınlar xarab
olur. Tıxaclar yaranır. Təmir olunmalıdır. Yarımçıq qoydular.
Dedilər gəlib düzəldəcəklər. Mən 1969-cu ildə dünyaya gəlmişəm. Mən
anadan olanda bu körpü tikilib. Məni doğum evindən çıxaranda evə bu
körpü ilə gəliblər. Həmin gündən indiyə qədər necə var, elə də
durur. Təmir lazımdır”, – Qızılhacılı sakini
bildirir.

“Kim düzəldir? Dövlət varmı ki, təmir etsinlər? Bir
ildir, körpü sökülüb. Bir aylıq iş belə görmədilər. Bizi bu narahat
edir. Maşın xarab olur. Maşınlar bilmirlər, haradan hərəkət
etsinlər. Tıxac yaranır. Marneuliyə qədər tıxac
olur”, – yerli sakin deyir.
Sorğulardan aydın olur ki, yerli sakinlərin bərpa işlərini kimin
həyata keçirdiyi haqqında məlumatları yoxdur. Bələdiyyə Məclisinin
üzvü, Qızılhacılının majoritar deputatı Ceyhun Çoydarov isə bilir
ki, yol Marneuli bələdiyyəsinin balansında deyil və layihəni Yol
Departamenti həyata keçirir. Ancaq yolun təmir işlərinin niyə başa
çatdırılmadığı barədə məlumatı yoxdur.
“Bu körpü Marneuli meriyasının balansında deyil. Yol Departamentinə
məxsusdur. Yol Departamentinə məxsus olduğu üçün təfərrüatları
bilmirəm. Bildiyimə görə, təmir işləri hələ başa çatdırılmayıb.
Yenə deyirəm, bu yol Marneuli meriyasının balansında deyil, Yol
Departamentinin nəzarətində olduğuna görə təfərrüatları
bilmirəm”, – Bələdiyyə Məclisinin deputatı Ceyhun
Çoydarov bizimlə telefon söhbətində bildirir.
Yol Departamenti ilə əlaqə saxlamaq elə də asan olmadı. İki gün
ərzində onların xidməti ilə əlaqə saxlaya bilmədik. Ancaq məlum
oldu ki, sosial mediadan fəal şəkildə istifadə edirlər və
“messenger” vasitəsi ilə bizə məlumat verdilər.
“Hava şəraiti düzələn kimi asfalt çəkilməsi işlərinə
başlanılacaq”, – “messengerdə” cavab olaraq
yazıblar.
Marneulidə növbəti 10 gün ərzində yağış yağacağı gözlənilir. Buna
görə asfaltın çəkilməsi işlərinin nə zaman başlayacağı məlum
deyil.
Qeyd olunan işlər beynəlxalq əhəmiyyət daşıyan
Poniçala-Marneuli-Ququti Avtomobil Yolunun 8 km-lik hissəsinin
bərpası çərçivəsində həyata keçirilir.
Bərpa layihəsi yolun texniki parametrlərinin yaxşılaşdırılmasını,
yol səthinin bərpasını, drenaj arxlarının və mövcud süni
tikililərin təmiri və yenilərinin yerləşdirilməsini, qovşaqların,
sakinlərin həyətlərinə və avtobus dayanacaqlarına girişlərin
düzəldilməsini, eləcə də yolun hərəkət hissəsinin işarələnməsini,
yol nişanlarının yerləşdirilməsini nəzərdə tutur. Layihənin dəyəri
6 184 352 laridir.