Havalar düzələn kimi Qızılhacılı körpüsünün səthinə asfalt çəkilməsinə başlanılacaq
Havalar düzələn kimi Qızılhacılıda körpünün bərpasına, asfalt çəkilməsinə başlanılacaq – Gürcüstan Yol Departamentindən belə cavab aldıq.

2022-ci ilin payızında Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində körpünün bərpası aparılırdı. Həftələr ərzində körpü bağlı idi və maşınlar dolayı yolla hərəkət edirdilər. Yolun Qızılhacılı kəndindən keçən bu hissəsi beynəlxalq əhəmiyyət daşıyır. Bu yoldan istifadə etməklə Bolnisi, Dmanisi bələdiyyələrinə getmək və Ermənistan-Gürcüstan sərhədini keçmək mümkündür.

Qızılhacılıda yaşayan əhali bir neçə aydır, yolla hərəkət zamanı narahatçılıqla üzləşir. Körpünün səthi yenə də qaydasında deyil. Körpüdə dərin çuxurlar var və maşınlara hərəkət etməyə mane olur. Tıxaclar yaranır.

“Körpünün vəziyyəti məni narahat edir. Maşınlar xarab olur. Tıxaclar yaranır. Təmir olunmalıdır. Yarımçıq qoydular. Dedilər gəlib düzəldəcəklər. Mən 1969-cu ildə dünyaya gəlmişəm. Mən anadan olanda bu körpü tikilib. Məni doğum evindən çıxaranda evə bu körpü ilə gəliblər. Həmin gündən indiyə qədər necə var, elə də durur. Təmir lazımdır”, – Qızılhacılı sakini bildirir.

“Kim düzəldir? Dövlət varmı ki, təmir etsinlər? Bir ildir, körpü sökülüb. Bir aylıq iş belə görmədilər. Bizi bu narahat edir. Maşın xarab olur. Maşınlar bilmirlər, haradan hərəkət etsinlər. Tıxac yaranır. Marneuliyə qədər tıxac olur”, – yerli sakin deyir.

Sorğulardan aydın olur ki, yerli sakinlərin bərpa işlərini kimin həyata keçirdiyi haqqında məlumatları yoxdur. Bələdiyyə Məclisinin üzvü, Qızılhacılının majoritar deputatı Ceyhun Çoydarov isə bilir ki, yol Marneuli bələdiyyəsinin balansında deyil və layihəni Yol Departamenti həyata keçirir. Ancaq yolun təmir işlərinin niyə başa çatdırılmadığı barədə məlumatı yoxdur.

“Bu körpü Marneuli meriyasının balansında deyil. Yol Departamentinə məxsusdur. Yol Departamentinə məxsus olduğu üçün təfərrüatları bilmirəm. Bildiyimə görə, təmir işləri hələ başa çatdırılmayıb. Yenə deyirəm, bu yol Marneuli meriyasının balansında deyil, Yol Departamentinin nəzarətində olduğuna görə təfərrüatları bilmirəm”,
– Bələdiyyə Məclisinin deputatı Ceyhun Çoydarov bizimlə telefon söhbətində bildirir.

Yol Departamenti ilə əlaqə saxlamaq elə də asan olmadı. İki gün ərzində onların xidməti ilə əlaqə saxlaya bilmədik. Ancaq məlum oldu ki, sosial mediadan fəal şəkildə istifadə edirlər və “messenger” vasitəsi ilə bizə məlumat verdilər.

“Hava şəraiti düzələn kimi asfalt çəkilməsi işlərinə başlanılacaq”, – “messengerdə” cavab olaraq yazıblar.

Marneulidə növbəti 10 gün ərzində yağış yağacağı gözlənilir. Buna görə asfaltın çəkilməsi işlərinin nə zaman başlayacağı məlum deyil.

Qeyd olunan işlər beynəlxalq əhəmiyyət daşıyan Poniçala-Marneuli-Ququti Avtomobil Yolunun 8 km-lik hissəsinin bərpası çərçivəsində həyata keçirilir.

Bərpa layihəsi yolun texniki parametrlərinin yaxşılaşdırılmasını, yol səthinin bərpasını, drenaj arxlarının və mövcud süni tikililərin təmiri və yenilərinin yerləşdirilməsini, qovşaqların, sakinlərin həyətlərinə və avtobus dayanacaqlarına girişlərin düzəldilməsini, eləcə də yolun hərəkət hissəsinin işarələnməsini, yol nişanlarının yerləşdirilməsini nəzərdə tutur. Layihənin dəyəri 6 184 352 laridir.
Print