Məktəbəqədər hazırlıq qruplarına qeydiyyat başlayıb
Yaşı məktəbə düşməyən uşaqlar məktəbəqədər hazırlıq qruplarına gedə bilərlər. Bunun üçün də artıq qeydiyyat başlayıb.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovun “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, Marneuli bələdiyyəsində məktəbəqədər hazırlıq qrupları həm şəhərdə, həm də kəndlərdə var.

“Məktəbəqədər hazırlıq qrupları Marneuli bələdiyyəsinin Qasımlı, Ulaşlı, Qaçağan, Dəmyə Görarxı, Ağammədli, Kirəç-Muğanlı, Keşəli, Dəmyə kəndlərində və Marneuli şəhərinin iki məktəbində var. Şəhərdə biri 4 saylı ictimai məktəbdədir. Burada 2 gürcüdilli və 2 rusdilli qrup var. Candar məktəbində isə 2 azərbaycandilli qrupumuz fəaliyyət göstərir. Artıq bunlara da qeydiyyat başlayıb və valideynlər müraciət edə bilərlər. Əgər uşaq bağçaya gedirsə və 5 yaşı tamam olubsa, o uşaq avtomatik hazırlıq qrupuna göndəriləcək. Bunun üçün valideynlər ərizə yazaraq hansı qrupa istəyirlərsə, ora yazdıra bilərlər. Bağçaya getməyən uşaqlar isə müvafiq sənədlər toplanaraq qeydiyyatdan keçirilməlidir.”

Kərəmov hansı uşaqları bağçalarda saxlanıla biləcəyi ilə bağlı da danışdı.

“Hansı uşaqların valideynləri işləyir, sosial yardım alır və ya evdə fiziki qüsurlu şəxslər varsa, o zaman həmin uşaqları bağçada saxlaya bilərik. Bunun üçün isə iş yerindən və aztəminatlı olduğunu təsdiq edən sənəd təqdim olunmalıdır.”

Qeyd edək ki, Marneuli bağçalarına qeydiyyatın birinci mərhələsi iyun ayının 1-dən başlayıb və iyunun 30-a qədər davam edəcək. İkinci mərhələ isə avqustun 21-dən sentyabrın 1-ə qədər olacaq. Qeydiyyat prosesi həftə içi hər gün saat 9:00-dan 17:00-a kimi davam etdirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google