Marneulinin mərkəzi parkının yaşıllaşdırılması üçün 622 198 lari
xərclənəcək.
İşləri tenderdə rəqabət olmadan qalib gəlmiş “Kareli” MMC şirkəti
həyata keçirəcək.
Meriya “Yenə də böyüyəcəklər” abidəsinin ərazisində yerləşən parkın
yaşıllaşdırılması işləri üçün may ayında 644 887 lari dəyərində
tender elan edib. Qeyd olunan şirkət isə işləri 22 689 lari az
vəsaitlə həyata keçirməyi üzərinə götürüb.
Tenderin şərtlərinə
görə, parkın ərazisində bordürlər qurulacaq,
dekorativ beton daşlarla cığır salınacaq, amfiteatr, parkın
girişində olan lövhə bərpa olunacaq, fəvvarə qurulacaq, suvarma
sistemi yaradılacaq, nişanlar, işıqlandırma və naqillər
quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcək.
Yaşıllaşdırma işlərinə əsasən, park ərazisində zeytun, yasəmən və
tikan ağacları əkiləcək. Eləcə də oleandra, spirea, ardıc kimi
həmişəyaşıl kollar əkiləcək.
Parkın ərazisində yeni qazon örtüyü da salınacaq. Qeyd edək ki,
park ərazisində qazon örtüyü birinci bərpa zamanı da salınmışdı.
Amma günəşli havalara və susuzluğa görə qazon örtüyü quruyub.
Marneulinin “Yenə də böyüyəcəklər” mərkəzi parkının bərpası 2020-ci
ildə başa çatıb. Bərpa layihəsini “İntertexnoloq” iki mərhələdə, 1
092 328 lariyə həyata keçirib.
Park rəsmi olaraq 2020-ci ilin 28 fevralında açılıb.