Kürtlər, Baydar və Böyük Muğanlı kəndlərinin əhalisi küçə işıqlarının quraşdırılmasını dəstəkləyiblər
Marneuli bələdiyyəsində kəndə dəstək proqramı çərçivəsində görüşlərin keçirilməsi davam edir. Bu görüşlərdən biri də Kürtlər ərazi vahidliyinə daxil olan - Kürtlər, Baydar və Böyük Muğanlı kəndlərində baş tutdu.

İlk görüş bu gün, 23 fevral tarixində Baydar kəndində keçirildi. Əhali problem olaraq küçə işıqlarını, daxili yolları, uşaq bağçasının olmamasını səsləndirdilər. Sonda kənd sakinləri prioritet olaraq küçə işıqlarının quraşdırılmasını dəstəklədilər.

Növbəti görüş Kürtlər kəndində keçirildi. Görüşdə kənd sakinləri fəal şəkildə iştirak edirdilər. Əhali kənddə olan problemləri meriya nümayəndələrinin nəzərinə çatdırırdılar.

Sakinlər içməli su, daxili yoların bərbad olması, suvarma üçün nəzərdə tutulan su nasosunun xarab olması, uşaq bağçasının olmaması kimi problemlərdən danışdılar. Onlar qeyd etdilər ki, onları bu kimi problemlər çox narahat edir. Həll olunmasını xahiş etdilər.

Meriya nümayəndələri təklifləri dinlədilər və qeydlər apardılar. Bildirdilər ki, əhalinin prolemləri mərhələli şəkildə həll olunacaq. Görüşdə meriya nümayəndələri əhaliyə küçə işıqlarının quraşdırılması təklifini etdi. Əhali də təklifi dəyərləndirərək, küçə işıqlarının quraşdırılmasını dəstəklədi. Ötən il də Kürtlər sakinləri küçə işıqlarının quraşdırılmasını dəstəkləmişdilər.

Daha bir görüş isə Böyük Muğanlıda keçirildi. Burada da əhali küçə işıqlarının quraşdırılmasını dəstəklədilər.

Meriya nümayəndələri “Marneuli” radiosuna bildirdilər ki, hər üç kənddə keçirilən ümumi toplantıların legitimliyi üçün kifayət sayda səs toplayıblar.

Kürtlər ərazi vahidliyinə mərkəzi büdcədən vəsait belə ayrılıb:
  • Kürtlər kəndi - 20 000 lari
  • Baydar kəndi - 16 000 lari
  • Böyük Muğanlı kəndi 20 000 lari
Qeyd edək ki, prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 12 fevral tarixindən başlanılıb və 26 fevralda sona çatdırılacaq.

Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google