Avropanın Qonşuluq və Genişlənmə Məsələləri üzrə komissarı
Oliver Varhey İrakli Kobaxidzenin telefon danışığı zamanı Avropa
komissarı tərəfindən təhdid edildiyinə dair bu günki bəyanatına
münasibət bildirib.
Varhey bəyanat yayıb və telefon danışığının bir hissəsinin
kontekstdən çıxarıldığını və tamamilə yanlış şərh edildiyini
yazıb.
“Gürcüstanın baş nazirinin 23 may 2024-cü il tarixində
verdiyi bəyanata cavab olaraq, telefon danışığımın müəyyən
hissəsinin kontekstdən çıxarılmasına görə səmimi təəssüf hissimi
bildirmək istəyirəm. Qonşuluq və Genişlənmə üzrə məsul komissar
kimi mən öz portfelimə daxil olan ölkələrin hökumət nümayəndələri
ilə müntəzəm əlaqə saxlayıram, çünki kommunikasiya kanalları
birbaşa siyasi müzakirələr üçün həmişə açıq olmalıdır.
Gürcüstandakı hazırkı siyasi vəziyyəti nəzərə alaraq, mən ölkənin
siyasi rəhbərliyini Gürcüstanın Avropa İttifaqına gedən yolunu poza
biləcək xarici təsirin şəffaflığı haqqında qanun qəbul etməməyə
inandırmaq üçün çox səy göstərirəm.
Gürcüstan cəmiyyətinin çox aydın və məlum avropapərəst
əhval-ruhiyyəsini nəzərə alaraq, telefon danışığım zamanı Baş
nazirin diqqətini bu qanunun qəbulu nəticəsində onsuz da kövrək
olan vəziyyətin kəskinləşməməsinə yönəltməyi zəruri hesab etdim ki,
qütbləşmə dərinləşə bilər və biz Tiflis küçələrində nəzarətsiz
vəziyyətin şahidi ola bilərik.
Bu baxımdan, Slovakiyada baş vermiş son faciəli hadisə yalnız
nümunə və cəmiyyətdə, hətta Avropada belə yüksək qütbləşmənin bizi
hara apara biləcəyinin göstəricisi kimi göstərildi. Təəssüf edirəm
ki, telefon danışığımın bir hissəsi nəinki tamamilə kontekstdən
çıxarılıb, həm də telefon danışığımın ilkin niyyətinin tamamilə
yanlış təfsirinə səbəb ola biləcək şəkildə ictimaiyyətə təqdim
edilib.
Mən bir daha Gürcüstan hakimiyyətini bu qanunu qəbul etməməyə
çağırıram. Bunu mən də Gürcüstanın tanınmış və hörmətli dostu kimi
xahiş edirəm. Mən Avropanın gələcəyi üçün çalışan gürcüləri
dəstəkləməyə davam edirəm”, - Oliver Varhey
bildirib.
İrakli Kobaxidze iddia edir ki, Avropa komissarlarından biri onu
hədələyib və bir neçə həftə əvvəl güllələnən Slovakiyanın baş
naziri Robert Fizo ilə paralel aparıb. Gürcüstanın baş naziri bəyan
edir ki, yüksək rütbəli “xarici siyasətçilər açıq şantajdan
çəkinmirlər. Bu kontekstdə o, bir daha “Qlobal Müharibə
Partiyası”nı xatırladıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.