Parlamentin spikeri Şalva Papuaşvili ABŞ vizası olub-olmaması və
ABŞ-dan viza məhdudiyyəti ilə bağlı məlumat alıb-almaması ilə bağlı
suala konkret cavab vermir.
Dünən, iyunun 3-də müxalifətçi deputat Xatia Dekanoidzenin “Ailə
üzvlərinə vizaların ləğvi ilə bağlı artıq konkret mesajlar alan
“Gürcü arzusu”nun nümayəndələri var” məlumatından sonra
jurnalistlər bu barədə parlament sədrinə sual veriblər.
Jurnalistlər Papuaşvilidən ABŞ Dövlət
Departamentinin sözçüsü Metyu
Millerin bəyanatı, xüsusən də sanksiyaları gözləyib-gözləmədiyini
soruşublar. O, həmçinin özünün ABŞ vizası olub-olmadığını və viza
məhdudiyyəti ilə bağlı elektron məktub alıb-almadığını
cavablandırması istənilib.
Jurnalistlərin bir neçə sualına baxmayaraq, Papuaşvili sualın
yalnız Metyu Millerin bəyanatı ilə bağlı olan hissəsini
cavablandırıb.
Papuaşvilinin dediyi kimi, başqa ölkənin sənin haqqında nə qərar
verəcəyi ilə bağlı öz gündəliyini qurmaq düzgün deyil. O, bu
kontekstdə müxalifət nümayəndələrini tənqid edərək, müxalifətin
“xarici dövlətin şantajına məruz qaldığı siyasətçilərlə” dolu
olduğunu qeyd edib.
“Sanksiya hədələrinə gəlincə, sanksiyalar Gürcüstan
üçün yeni deyil. Biz onilliklər ərzində müxtəlif sanksiyalara məruz
qalmışıq, o cümlədən Rusiya sanksiyalar vasitəsilə gürcü xalqına
təsir göstərməyə çalışıb. Bu, gürcü xalqı ilə rus üslubunda
danışmaqdır və bunun heç kimə sərfəli olacağını
düşünmürəm”, - Papuaşvili bildirib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.