Avropa Parlamentinin (AP) üzvləri Macarıstanın Baş naziri Viktor
Orbanın Ukrayna münaqişəsi ilə bağlı sülh missiyasından sonra
Macarıstanın səsvermə hüququndan məhrum edilməsini tələb ediblər.
Bu barədə “Politico” parlamentarilərin müvafiq məktubuna istinadən
yazır.
Məktubda 63 deputat Avropa Komissiyasının sədri Ursula Von der
Leyen, Avropa Şurasının prezidenti Şarl Mişel və parlamentin
rəhbəri Roberta Metsolaya müraciət edib. Onlar Orbanın
"şura sədri
rolundan sui-istifadə edərək əhəmiyyətli zərər verdiyini" qeyd
ediblər. AP nümayəndələrinin sözlərinə görə, Moskva və Pekinə
səfərləri zamanı Orban “səlahiyyətlərini təhrif edib”.
“Bu, Macarıstanın şurada səsvermə hüququnun
dayandırılması kimi real addımları tələb edir, çünki təcrübə
göstərir ki, bu vəziyyətin sadəcə şifahi şəkildə pislənməsi heç bir
təsir göstərmir”, - məktubda deyilir.
Xatırladaq ki, iyulun 1-dən Macarıstanın Aİ Şurasına sədrliyi
başlayıb. Bundan sonra Orban Ukrayna münaqişəsinin həllinə yönəlmiş
sülh missiyası ilə bir sıra ölkələrə səfər edib. Onun ilk
dayanacağı Kiyev olub, daha sonra Moskva, Pekin və Vaşinqtona
gedib. Səfərlərinin nəticələrinə əsasən, Orban Ukraynadakı
münaqişənin həlli ilə bağlı Avropa ölkələrinin liderlərinə
təkliflər göndərib.