Cənubi Qafqazın sosial və iqtisadi potensialının açılması, eləcə də
regional əlaqələrin gücləndirilməsi üçün Azərbaycan və Ermənistan
arasında davamlı sülhün əldə edilməsi çox vacibdir.
Bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan
haqları üzrə müavini Uzra Zeya Ermənistanın “Hetq” nəşrinə
müsahibəsində bildirib.
U.Zeya, bu yaxınlarda Vaşinqtonda xarici işlər nazirləri
səviyyəsində keçirilən üçtərəfli görüşün əhəmiyyətini qeyd
edib:
“Hesab edirəm ki, dövlət katibi Antoni Blinkenin ötən
həftə Vaşinqtonda ev sahibliyi etdiyi görüş Ermənistan və
Azərbaycan arasında layiqli və davamlı sülhün əldə olunmasına
ABŞ-nin güclü dəstəyini əks etdirir. Hər iki ölkə münasibətlərin
normallaşması prosesində mühüm addımlar atıb və bundan sonra da
onları dəstəkləmək niyyətindəyik. Təkcə hər iki ölkə üçün deyil,
bütün region üçün imkanlar aça biləcək davamlı sülh sazişinin
təsirini vurğulamaq vacibdir. ABŞ bu səyləri qətiyyətlə
dəstəkləyir”.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan yekun razılığa
gəlməyə yaxındır:
“Bakı və İrəvanı
bu məqsədə nail olmaq üçün hər vasitə ilə dəstəkləməyə davam
edəcəyik”.