Əhməd İmamquliyev mənim üçün maraqlı bir şəxs deyil – “VMH”-nin Marneuli qərargahının rəhbəri Azad Kərimov
Əhməd İmamquliyevin “Vahid Milli Hərəkat” partiyasının sıralarına qoşulub-qoşulmaması ilə bağlı partiyanın Marneuli qərargahının rəhbəri Azad Kərimov münasibət bildirdi. Onun sözlərinə görə, İmamquliyev onun üçün maraqlı bir şəxs deyil. Amma Kərimov bildirdi ki, onların partiyası demokratik bir partiyadır və hər bir şəxs partiyanın sıralarına qoşula bilər.

“Əhməd İmamquliyevin partiyada görüşləri olub. Amma Əhməd İmamquliyevin partiya siyahısına və
üzvlüyünə daxil olmağı ilə bağlı deyilən sözlərin hamısı yalandır. Hal-hazırda Əhməd İmamquliyevin partiyaya gəlməsinə münasibətimiz belədir ki, partiya bütün Gürcüstan vətəndaşları üçün açıqdır. Hər bir vətəndaş partiyaya gələ bilər. Bizim qapımız hər kəsə üçün açıqdır. Amma açığı deyim ki, Əhməd İmamquliyev mənim üçün maraqlı bir şəxs deyil. Mən onunla maraqlanmıram. Bizim partiyanın öz planları var. Bizim bu günlərdə Əhməd İmamquliyevə itirəcək vaxtımız yoxdur və onu müzakirə edək. Hal-hazırda ortada müzakirə ediləcək heç bir şey yoxdur”,
– Azad Kərimov dedi.

Kərimovun sözlərinə görə, İmamquliyev partiya sıralarında öndə yer istəyir. O, inanmır ki, İmamquliyev “Vahid Milli Hərəkat” partiya siyahısından yer istəyə.

“İmamquliyev bir neçə partiyaya gedib və onlarla görüş keçirib. Onlardan özünə öndə yer istəyir. Özünün dediyi kimi, artıq üç partiyadan cavab gözləyir və deyir ki, mən üç partiya ilə görüşmüşəm və cavab gözləyirəm. Əhməd İmamquliyevlə bağlı artıq bizlər də zənglər almışıq. Gündəmdə olan bir məsələ var ki, Əhməd İmamquliyev Vahid Milli Hərəkət partiyasının siyahısından namizəd olacaq. Xeyr, hal-hazırda bu yalan bir söhbətdir. Mən də inanmıram ki, Əhməd İmamquliyev hansı ki, partiyanın lideri cənab Mixeil Saakaşviliyi yalançı adlandırıb, VHM partiyasının bütün liderlərini yalançı adlandırıb, dəfələrlə özünün canlı yayımlarında və yerli mətbuatda 5 nömrəni yalançı adlandırıb, xalqa “onlara güvənməyin” dediyi halda, sonradan gəlib Vahid Milli Hərəkat partiya siyahısından yer istəyə”, – “Vahid Milli Hərəkat” partiyasının Marneuli qərargahının rəhbəri Azad Kərimov bildirdi.

“Vahid Milli Hərəkat” partiyasının Marneuli qərargahının rəhbəri onu da bildirdi ki, partiyanın yerli rəhbərləri və dəstəkçiləri var. Onların da fikirləri önəmlidir.

“Hal-hazırda Vahid Milli Hərəkat partiyasının daxilində demokratiya var. Partiyadan kimsə öz başına gəlib burada kimi isə təyin edə bilməz. Çünki burada partiyanın dəstəkçiləri var. Partiyanın yerli rəhbəri var. Misal çəkirəm hansı ki, Marneuli, Bolnisi, Dmanisi və Qardabanidə bizim dəstəkçilərimiz var. Onların fikirləri də bizim üçün önəmli olacaq. İnşallah bunu biz gələcəkdə görəcəyik. Artıq seçkiyə 3 ay qalıb. Siyahının yazılması da sentyabr ayında yekunlaşacaq. Biz artıq yer üstündə deyil, Parlamentdə deputat olmağımız üçün deyil, Parlament seçkilərində “rus arzusunu” məğlub etmək üzərində planlar qururuq. Bizim də namizəd o şəxs olmalıdır ki, həm xalq tərəfindən, həm də partiyanın dəstəkçiləri tərəfindən sevilsin və seçilsin. Mən elə düşünürəm ki, bu Əhməd İmamquliyev deyil”, – Kərimov əlavə etdi.

Amma İmamquliyev fərqli düşünür və qeyd edir ki, siyasətdə əbədi düşmən, əbədi dost yoxdur. Onun sözlərinə görə, o, hələ heç bir partiyanın sıralarına qoşulmayıb. Amma ona təkliflər gəlib və təklifləri dəyərləndirdikdən sonra qərar verəcək.

“Bir kəlmə ilə qeyd edə bilərəm ki, siyasəti bilən insan anlayar ki, siyasətdə əbədi düşmən, əbədi dost yoxdur. Kim deyir ki, Əhməd Mişaya nə isə deyib. Bir şeyi anlamalıdırlar ki, mən kimə söz demişəmsə məhz mənə təklif edənlər elə onlardır. Demək ki, onlar yüksək siyasəti anlayanlardır və biz də o yüksək siyasətdə olanlardanıq. Danışıqlar əsasında hər şey ola bilər. Bir də onu qeyd edim ki, heç bir partiyaya özüm heç nə təklif etməmişəm. Yalnız və yalnız partiyalardan təklif almışam. Və mən də bu təklifləri düşünüb dəyərləndirəcəyəm. Rayon təşkilatlarının üzvlərinin onunla işləyib-işləməməsi ilə bağlı heç bir fikir bildirə bilmərəm. Çünki mənə “Vahid Milli Hərəkat” partiyasının mərkəzi ofisi təklif göndərib. Biz onlarla əməkdaşlıq edək. Qaldı ki Marneuli rayon təşkilatının üzvləri nə düşünür, necə düşünür, onu məndən yox, öz rəhbərlərindən soruşsalar, daha yaxşı olardı”, – “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının keçmiş rəhbəri Əhməd İmamquliyev dedi.

Qeyd edək ki, Əhməd İmamquliyev 2014-cü ildən 2017-ci ilə qədər “Vahid Milli Hərəkat” partiyasının üzvü olub. Daha sonra “Avropalı Gürcüstan” partiyasının sıralarına qoşulub. Bir neçə gün öncə İmamquliyev partiya sıralarını tərk etdiyini bildirdi. Amma partiya sıraların nəyə görə tərk edib, bu haqda danışmaq istəmədi. “Avropalı Gürcüstan”-ın baş katibinin müavini Qiorqi Noniaşvili 29 iyul tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, İmamquliyevin partiyanı tərk etmə səbəbi partiyanın daxilində keçirilən seçkilərlə bağlı olub.

Xatırladaq ki, 2024-cü ilin 26 oktyabr tarixində Gürcüstanda Parlament seçkiləri keçiriləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google