Marneulinin Jordania küçəsində yolun təmir olunmaması sürücüləri və sakinləri narahat edir (VİDEO)
16:52 / 10.09.2024
Yağışlı havada palçıq, günəşli havada isə tozlu yollar. Bu
Marneulinin bütün küçələrində rast gələ biləcəyiniz mənzərədir.
İllərdir ki, sürücülər və sakinlər yol problemindən
şikayətlənirlər. Sakinlər maşınlarının tez-tez sıradan çıxmasından
danışırlar. Onlar qeyd edirlər ki, şəhərdə nəqliyyatla hərəkət
etmək çətinləşib.
2019-ci ildən şəhərdə həyata keçirilən yeni kanalizasiya və içməli
su xətlərinin çəkilişinə görə yollar qazılıb, borular çıxarılıb,
infrastruktura isə ciddi ziyan dəyib. Sıradan çıxmış yollara görə
isə ictimai nəqliyyat və yerli sakinlərin maşınları xarab olur.
Belə yerlərdən biri də Marneulinin Noe Jordania küçəsidir. Həmin
küçədə də infrastruktur sıradan çıxıb. O ərazidə yaşayan və
gündəlik o yoldan istifadə edən sakinlər qeyd edirlər ki,
nəqliyyatla getməkdə çətinlik çəkirlər. Tez-tez qəza şəraiti
yaranır və bu da sürücülər arasında mübahisəyə səbəb olur.
Marneuli meriyası 5 sentyabr tarixində məlumat yayıb ki, Marneuli
şəhərində yol infrastrukturunun bərpası işləri fəal şəkildə davam
etdirilir. Noe Jordania, Ayvaz Həsənov və Xudu Borçalı küçələrində
su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması
layihəsi uğurla başa çatdırılıb və hazırda yol örtüyünün çəkilməsi
işləri aparılır. Amma çəkiliş apardığımız zaman yolun Jordaniya və
Qamsaxurdia küçələrinin kəsişməsi hissəsində yolun təmiri işi hələ
də tamamlanmamışdı. Hələ də kanalizasiya və içməli su xətlərinin
çəkilişi işləri həyata keçirilirdi.