İşğal olunmuş Abxaziyanın “Xarici İşlər Nazirliyi” “Gürcü
Arzusu”nun baş katibi Kaxa Kaladzenin bəyanatına cavab verib.
Bəyanatda qeyd edildiyi kimi, “nazirlik” gürcü siyasətçilərinə
xatırladacaq ki, Gürcüstan Rusiya ilə münasibətlərini
tənzimləməlidir.
“Məlumdur ki, Gürcüstanla Rusiya arasında hətta diplomatik
münasibətlər belə yoxdur. Odur ki, gürcü siyasətçiləri seçki
kampaniyası zamanı “Gürcüstanın ərazi bütövlüyü” və digər mifik
terminlərlə bağlı yanlış fikirlər söyləmək əvəzinə, Rusiya ilə
diplomatik münasibətlər qurmağa başlamalıdırlar.
Abxaziya ilə Rusiya arasında münasibətlərə gəlincə, ölkələrimiz
strateji müttəfiqdirlər. Abxaziya-Rusiya dövlətlərarası
münasibətləri ümumi xarakterli, o cümlədən Abxaziyada Rusiyanın
hərbi bazasının olmasını və Abxaziya Respublikasının dövlət
sərhədinin birgə mühafizəsini müəyyən edən müqavilə və sazişlərə
əsaslanır.
Gələcəkdə qonşu Gürcüstan dövləti ilə hansısa münasibətlərin
qurulmasının mümkünlüyünə gəlincə, bizim mövqeyimiz dəyişməz olaraq
qalır. Gürcüstan Abxaziya Respublikasını suveren və müstəqil dövlət
kimi tanımalı və gücdən istifadə etməmək haqqında hüquqi qüvvəyə
malik sənəd imzalamalıdır”, - bəyanatda deyilir.
“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bəyan edib ki, hökumət
Sergey Lavrovun bəyanatını müsbət qiymətləndirir. Lavrov, Rusiyanın
Gürcüstan, Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin
normallaşması prosesində, əgər dövlətlər bunda maraqlı olarsa,
“kömək etməyə hazırdır” deyib. Lavrov eyni bəyanatda işğal olunmuş
Abxaziya və Cənubi Osetiyanı “Gürcüstanın qonşuları”
adlandırıb.