“Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze “Gürcü Arzusu”nun
ksenofob kampaniyasına görə erməni xalqından üzr istəyib.
“İvanişvilinin və onun tabeliyində olanların bir neçə
ildir mənim əleyhimə apardığı rus, “Kagebeşnik” təbliğatı bütün
həddini aşıb. Son böhtan kampaniyası təkcə mənə yox, qardaş
xalqımıza, ermənilərə də təsir etdi... “Gürcü Arzusu"nun mənasız və
əxlaqsız ksenofob çıxışlarına görə onlardan üzr istəyirəm. Əgər
mənim əcdadlarımdan biri erməni və ya başqa qardaş xalqın
nümayəndəsi olsaydı, bu barədə açıq və cəsarətlə
deyərdim”, - Xazaradze sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, bu cür xəbərlərdən narahat olanlar və ya
mənşəyindən xəcalət çəkənlər ksenofoblardır. Eyni zamanda, Mamuka
Xazaradze əcdadlarının soyadlarını sadalayıb.
“Güclü Gürcüstanda gürcülər, ermənilər, yəhudilər,
azərbaycanlılar, kürdlər, yezidilər və digər qardaş və qohum
xalqlar bir yerdə yaşayır. Qoy burada sizin əcdadlarınıza da
mənimkilər kimi eşq olsun - Xundadze, Xazaradze, Başaleişvili və
Adeişvili”, - Xazaradze əlavə etdi.
Bundan əvvəl "POSTV" hökumət mediası Mamuka Xazaradzenin erməni
mənşəli olduğunu gizlətdiyini yazmışdı.