Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, İdman Sarayında və
onun ətrafında çoxlu problemlər mövcuddur və reabilitasiya yaxın
gələcəkdə başlanacaq.
Kaladze bu barədə paytaxt hökumətinin iclasında bildirib.
"İdman Sarayının hazırkı vəziyyəti qənaətbəxş deyil,
çoxlu problemləri və qüsurları var. Buna görə də yenidənqurma
işlərinə ehtiyac var. İdman Sarayının ətrafındakı vəziyyət isə
qətiyyən qəbuledilməzdir və çox ağırdır. Buna görə də bütün
bunların yenilənməsi vacibdir," — deyə Kaxa Kaladze
vurğulayıb.
Merin sözlərinə görə, reabilitasiya İdman Sarayının döşəmə
örtüyünü, oturacaqları, divarları, ziyarətçilərin hərəkət
məkanlarını, soyunma otaqlarını, VIP girişləri, mebelləri və digər
sahələri əhatə edəcək. Tarixi materiallar qorunacaq və İdman Sarayı
işıqlandırma, səs, video, ekran, səhnə, ayırıcı sistemlər, xüsusi
effektlər və digər cihaz və sistemlər də daxil olmaqla, lazımi
avadanlıq və sistemlərlə təchiz olunacaq.
Həmçinin İdman Sarayının ətrafında açıq və
istirahət məkanlarının bərpası, metroya enən pilləkənlərin və
ətraf məkanların abadlaşdırılması, parkinq zonasının təmiri və
nəqliyyat planının tənzimlənməsi də nəzərdə tutulub.
İdman Sarayının binası 2007-ci il müqaviləsinə əsasən "Logic Group"
şirkətinə idarəetmə hüququ ilə verilmiş bələdiyyə müəssisəsinə
məxsusdur.