Rusiya tərəfindən Ukraynada törədilmiş müharibə cinayətlərinə dair
sübutların toplanmasında mühüm rol oynamış
Yel Universiteti nəzdindəki qurum martın 28-də fəaliyyətinə son
verəcək. Bunun səbəbi isə ABŞ Dövlət Departamentinin maliyyə
dəstəyini dayandırmasıdır.
Yel Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının icraçı
direktoru Nataniel Reymond martın 18-də AzadlıqRadiosuna özəl
müsahibəsində bildirib ki, bu addım müharibə cinayətlərinin
sənədləşdirilməsi və günahkarların ədalət qarşısına çıxarılması
səylərinə "katastrofik"
zərbə vuracaq.
Reymondun sözlərinə görə, qurum hazırda Rusiya tərəfindən
Ukraynadan qaçırılmış 35 min uşağın yerini izləyir. Uşaqların
qaçırılması müharibə cinayətidir və buna görə Rusiya prezidenti
Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham
olunub.
"İşimizin itirilməsi həqiqəti gizlətmək və
məsuliyyətdən yayınmaq istəyənlər üçün növbəti
qələbədir", - Reymond bildirib.
Kütləvi maliyyə
ixtisarları
AzadlıqRadiosunun sorğusuna cavab olaraq Dövlət Departamenti
maliyyənin dayandırıldığını təsdiqləyib. Digər detallar üçün dövlət
müqavilələri ilə işləyən qeyri-kommersiya təşkilatı MITRE ilə əlaqə
saxlamaq tövsiyə olunub, lakin təşkilat sorğuya dərhal cavab
verməyib.
Maliyyələşdirmənin niyə dayandırıldığı barədə suala cavab olaraq
N.Reymond bildirib:
"Kaş ki, bunun cavabını bilərdim.
Bunu şəxsən qəbul etməmək çətindir. Lakin bu, humanitar və insan
haqları sahəsində baş verən genişmiqyaslı ixtisarların bir
hissəsidir".
Vəzifəyə başladığından bəri ABŞ hökuməti USAID, Təhsil Departamenti
və AzadlıqRadiosu kimi təşkilatlara böyük maliyyə ixtisarları
tətbiq edib.
Bu addım həm də Tramp administrasiyasının Rusiyanın Ukraynada
törətdiyi hərbi cinayətləri sənədləşdirmək üçün beynəlxalq
əməkdaşlıqdan geri çəkilməsinin növbəti nümunəsidir.
Vaşinqton həmçinin Ukraynada törədilmiş hərbi cinayətlərin
araşdırılması üzrə "Eurojust"ın ixtisaslaşmış bölməsi ilə
əməkdaşlığını dayandırır. Bu barədə AzadlıqRadiosuna Avropa
İttifaqının cinayət ədliyyəsi üzrə əməkdaşlıq agentliyi olan
"Eurojust"ın rəsmiləri məlumat verib.
Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəz (ICPA)
təxminən 153 min işi araşdıran Ukrayna prokurorlarına
maddi-texniki, təlim və digər yardımlar göstərir.
Rusiya Ukraynadan uşaqları
aparır
Yel Universitetindəki qurumun işi açıq mənbə araşdırmasına
əsaslanır və Ukraynadan uşaqları götürmək üçün Rusiyanın sistemli
bir proqram yürütdüyünə dair ətraflı sübutlar təqdim edir.
Yel araşdırmaçıları dekabrda yayımladığı son hesabatda rusiyalı
fərdi şəxslər və ailələr tərəfindən
"zorla övladlığa
götürülmə və saxlanılma" proqramına məruz qalan 314 uşağın
taleyini sənədləşdirib.
N.Reymond nəticələri BMT Təhlükəsizlik Şurasına təqdim edərkən
bildirib ki,
"ən azı bir nümunədə Rusiya bir ukraynalı
uşağı Rusiya vətəndaşlarına vermək üçün öz qardaş-bacılarından
ayırıb".
Yel Universitetinin əməkdaşı AzadlıqRadiosuna müsahibəsində deyib
ki, onun komandası üç il ərzində müharibə cinayətləri və insanlığa
qarşı cinayətlərin sənədləşdirilməsində "həqiqətən qəhrəmanlıq"
göstərib.
O əlavə edib ki, qurum son günlərində də işini davam etdirməyə
çalışsa da, peyk görüntülərinə çıxışın dayandırılması səbəbindən
araşdırma çətinləşib:
"Biz Rusiya daxilində və işğal
olunmuş ərazilərdə potensial olaraq 35 min uşağı Qara dənizdən
Maqadandakı Sakit okean sahillərinə qədər 100-dən çox yerdə, təhsil
düşərgələri, himayədarlıq və övladlığa götürmə yerlərində
izləyirik".
N.Reymond əlavə edib ki, onun komandasının üç il ərzində toplanmış
geniş məlumat arxivinə girişi də məhdudlaşdırılıb. Onlar əvvəllər
Dövlət Departamentinin proqramı vasitəsilə bu məlumatları əldə
edirdilər.
Bir qrup ABŞ qanunvericisi dövlət katibi Marko Rubioya məktub
yazaraq arxivlərin silinmiş ola biləcəyini düşündüklərini
bildiriblər.
Əvvəlki işə
"enerji istehsalı infrastrukturuna hücumların
sənədləşdirilməsi daxildir. Bununla bağlı Beynəlxalq Cinayət
Məhkəməsi tərəfindən dörd ittiham aktı qəbul edilib və onlardan
ikisində Rusiya generalı Valeri Qerasimov və keçmiş müdafiə naziri
Sergey Şoyqu insanlığa qarşı cinayətlərdə ittiham
olunub".
Buraya həmçinin əkinçilik infrastrukturuna dəyən zərər və yetkin
məhbusların və hərbi əsirlərin izlənilməsi üzrə iş də daxildir.
Reymond bildirib ki, bu işlər də bitib.
Bu məlumatların bəziləri əvvəlki işlərə görə təhvil verildiyi üçün
hələ də Beynəlxalq Cinayət Məhkəməsi, "Europol" və Ukrayna
prokurorları üçün əlçatandır. Ümumilikdə, Yel Universitetinin
sübutları Beynəlxalq Cinayət Məhkəməsinin altı ittiham aktına kömək
edib.
"Biz əlimizdə qalanlarla əlimizdən gələni edirik, lakin təəssüf ki,
bu, çox azdır", - N.Reymond vurğulayıb.
Oğurlanmış uşaqların geri qaytarılması məsələsi Ukrayna və Rusiya
arasında gələcək sülh sazişinin də mərkəzi nöqtəsinə çevrilib.
ABŞ dövlət katibi M.Rubio da martın 11-də jurnalistlərə
açıqlamasında Rusiya və Ukrayna arasında həll olunmalı humanitar
məsələlər arasında uşaqların da olduğunu deyib.
Martın 20-21 tarixində keçiriləcək Avropa İttifaqı sammitinin
layihə nəticələrində də bu məsələyə diqqət çəkilir. AzadlıqRadiosu
bu sənədi əldə edib:
"Etibarlı sülhə gedən yolun
humanitar yardım səylərini, xüsusən müharibə əsirlərinin
mübadiləsini, mülki şəxslərin azad edilməsini və qanunsuz şəkildə
Rusiyaya və Belarusa deportasiya edilən və ya aparılan bütün
ukraynalı uşaqların və digər mülki şəxslərin geri qaytarılmasını
ehtiva etməsi vacibdir".
Reymond vurğulayıb ki, onun komandasının işi təkcə hesabatlılıq
üçün deyil, həm də diplomatik səylərin, o cümlədən uşaqların geri
qaytarılması ilə bağlı danışıqların sürətləndirilməsi üçün
vacibdir.
Yazı AzadlıqRadiosunun beynəlxalq aparıcı müxbiri Rey
Förlonq tərəfindən hazırlanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415