Bu gün, 26 mart tarixində, Ermənistan Parlamenti səs çoxluğu ilə
Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması
haqqında qanun layihəsini yekun olaraq qəbul edib.
"Azadlıq" radiosunun Ermənistan xidmətinin məlumatına görə, hakim
partiyanın nümayəndələri bildiriblər ki, bu qanun siyasi iradəni
əks etdirir. Parlamentdəki müxalifət isə hesab edir ki, Ermənistan
perspektivsiz bir prosesə daxil olur.
Avropa İttifaqına namizəd
statusunu əldə etmək üçün Ermənistanın
bir çox islahatlar aparması və qanunvericiliyini Aİ
qanunvericiliyinə uyğunlaşdırması tələb olunacaq.
Cənubi Qafqazda Avropa İttifaqına namizəd statusu olan yeganə ölkə
Gürcüstandır. Lakin 2024-cü ilin iyun ayında Aİ, Gürcüstanda
demokratiyanın geriləməsi və namizəd ölkə öhdəliklərindən geri
çəkilməsi səbəbindən ölkənin üzvlük prosesini dayandırdı və
hakimiyyəti Avropa inteqrasiyası yoluna qayıtmaq üçün zəruri
addımlar atmağa çağırdı. Bu addımlar arasında məşhur "agentlər
haqqında qanunun" ləğvi də var idi.
2024-cü ilin noyabrında "Gürcü Arzusu" hakimiyyəti 2028-ci ilin
sonuna qədər Avropa İttifaqına üzvlük üçün danışıqların açılması
məsələsini gündəmə gətirməyəcəyini elan etdi. Bu qərar Gürcüstanda
yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə etiraz
aksiyalarına səbəb olub və bu aksiyalar hələ də davam edir.
Ermənistan hökuməti 2025-ci ilin yanvar ayında Aİ-yə üzvlük
prosesinin başlanması ilə bağlı qanun layihəsini razılaşdıraraq
parlamentə göndərib. Parlament fevral ayında qanun layihəsini
birinci oxunuşda qəbul etmişdi.
Rusiya hökuməti isə Ermənistanın bu addımını Avrasiya İqtisadi
İttifaqından çıxış prosesinin başlanğıcı kimi qiymətləndirib, çünki
bu təşkilata üzvlük Aİ üzvlüyü ilə uyğun gəlmir.