Gürcüstanda yeni formatda pasport və şəxsiyyət vəsiqələrinin
verilməsi 2025-ci ilin 1 avqust tarixindən başlayacaq.
Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsinin, müvəqqəti
yaşayış icazəsinin, daimi yaşayış icazəsinin və müvəqqəti elektron
identifikasiya vəsiqələrinin texniki xüsusiyyətləri və formaları
Gürcüstanın Ədliyyə nazirinin 2025-ci ilin mart ayındakı əmri ilə
cari ilin 4 iyun tarixindən dəyişməli idi.
Mart ayındakı əmrə dəyişiklik 30 may tarixində daxil edilib. Yeni
əmrə əsasən, müddətlə yanaşı, vəsiqələrin texniki xüsusiyyətlərində
də müəyyən dəyişikliklər edilib. Məsələn:
Yeni vəsiqə əlavə olaraq "4-cü səviyyəli inteqrasiya olunmuş
qoruyucu element, hansı ki məxfi kimi təsnif olunur" elementini
ehtiva etməlidir;
Yeni əmrlə "vəsiqə üzərində sifarişçi və istehsalçının adları baş
hərflərlə, həmçinin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf
Nazirliyinin qeydiyyat nömrəsi" göstərilməlidir;
Vəsiqədə həmçinin "vəsiqənin və/və ya onun üzərində yazılmış
məlumatların bütövlüyünü, orijinallığını və məxfiliyini təmin edən
sertifikatlar və/və ya açarlar", eləcə də "sahibinin barmaq izi"
olmalıdır.
Bundan əlavə, elektron informasiya daşıyıcısı aşağıdakıları ehtiva
edə bilər:
Kvalifikasiyalı elektron imza sertifikatı, uyğun elektron imza
yaratma məlumatları, həmin məlumatların icazəsiz istifadəsindən
qoruyan aktivasiya məlumatları və bu sertifikatı verən qurumun
sertifikatı;
Fiziki şəxsin autentifikasiya (tanıma) sertifikatı, uyğun
autentifikasiya məlumatları, onların icazəsiz istifadəsindən
qoruyan məlumatlar və bu məlumatların verilməsi üzrə məsul qurumun
sertifikatı. Bütün bunlar yalnız sahibin istəyi ilə vəsiqəyə daxil
edilir.
Əvvəlki qayda hələ də qüvvədə qalır: elektron vəsiqənin fərdi
nömrəsində "666" rəqəmlərinin kombinasiyası olmamalıdır (məsələn,
belə nömrələrə icazə verilmir: 666XX, X666X və ya XX666).
Pasportlara gəldikdə isə, Gürcüstanın Ədliyyə nazirinin 2025-ci
ilin aprel əmrində yalnız vətəndaşın biometrik pasportunun yeni
forması deyil, eyni zamanda aşağıdakılar da təsdiq edilib:
Biometrik diplomatik pasportun, Biometrik xidməti pasportun,
Gürcüstanda statusu olan, lakin vətəndaşlığı olmayan şəxsin
biometrik səfər pasportunun və qaçqının biometrik səfər sənədinin
texniki xüsusiyyətləri və formaları.
Bu sənədlər də dəyişdirilmiş formatda, əvvəl nəzərdə tutulduğu iyun
ayı əvəzinə, 2025-ci ilin avqustundan etibarən veriləcək.
Qeyd: Avqust ayına qədər verilmiş bütün sənədlər (şəxsiyyət
vəsiqəsi, pasport və s.) onların müəyyən edilmiş müddətinə qədər
qüvvədə qalacaq.