İsrail Təbrizdəki hərbi hava limanına hava zərbəsi endirib
Yerli media orqanlarının məlumatına görə, İsrail İranın şimal-qərbində, Şərqi Azərbaycan vilayətində yeni hərbi hücum həyata keçirib.

İranın dövlət televiziyası bildirib ki, “bir neçə dəqiqə öncə Şərqi Azərbaycan vilayətində güclü partlayış səsləri eşidildi”. İranın “Tasnim” agentliyinin məlumatına görə, hücumun ilk dalğası vilayətin bir neçə şəhərində ümumilikdə 10 obyektə ziyan vurub. Hücum nəticəsində azı 3 nəfər həlak olub.

Eyni zamanda, İsrail mediası yazır ki, İsrail Təbriz şəhərində yerləşən hərbi hava limanını da hədəf alıb.

İyunun 13-ü səhər saatlarında İsrail ordusu bəyan edib ki, İranda onlarla hədəfə — o cümlədən nüvə obyektlərinə — zərbələr endirib. İsrailin məlumatına görə, bu əməliyyat nəticəsində İranın yüksək rütbəli hərbçiləri və nüvə üzrə çalışan alimləri öldürülüb.

İran rəsmilərinin açıqlamasına əsasən, İsrail Tehranın ətrafında yerləşən azı altı hərbi bazanı və hərbi rəhbərlər üçün nəzərdə tutulan yaşayış komplekslərinin bir neçə binasını bombalayıb.

İranın dövlət mediası daha sonra xəbər yayıb ki, hücum nəticəsində iki aparıcı nüvə alimi Məhəmməd Mehdi və Fereydun Abbasi həyatını itirib.

Həmçinin məlumat verilir ki, İsrailin hava zərbələri zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general Hüseyn Salamı da öldürülüb. İran mediasının yazdığına görə, hücumda İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqiri də həlak olub.

Öz növbəsində, İsrail rəsmiləri əməliyyatın “önləyici zərbə” xarakteri daşıdığını bildiriblər. İsrail ordusu bəyan edib ki, bu hərbi addım “İran rejiminin İsrailə qarşı davam edən təcavüzünə cavabdır”. İsrail rəsmiləri eyni zamanda əlavə hücumların da istisna olunmadığını və bu zərbənin “ilk mərhələ” olduğunu qeyd ediblər.

ABŞ-ın “New York Times” qəzeti isə İran mənbələrinə istinadən yazır ki, hücum nəticəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani öldürülüb.

Qəzetin məlumatına əsasən, Şamxani Tehrandakı şəxsi evinə edilən hücum nəticəsində ağır xəsarət alıb və aldığı yaralardan həyatını itirib.

İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, “Yüksələn Şir” (Operation Rising Lion) adlı hərbi əməliyyat “bu təhdid aradan qalxana qədər davam edəcək”.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google