Bu gün Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə, siyasi
məhbus kimi tanınan
11 nümayişçinin işi müzakirə olunarkən, təqsirləndirilən şəxslər və
onların vəkilləri hakim Nino Qalustşvilinin işdən
kənarlaşdırılmasını tələb etdilər. Onların fikrincə, əvvəlki gün 21
yaşlı etirazçı Mate Devidzeyə polisə çubuq uzatdığına görə 4,5 il
həbs cəzası vermiş hakimin digər nümayişçilərlə bağlı nə qərar
verəcəyi əvvəlcədən məlumdur və bu səbəbdən o, başqa hakimlə
əvəzlənməlidir. Lakin Nino Qalustşvili bu vəsatəti təmin
etmədi.
"İlk sınaqdan keçdiniz – Mateyə 4,5 il həbs verdiniz.
Hakim olaraq siz ömürlük təyin olunmamısınız, sınaq müddəti ilə
təyin olunmusunuz və bu da bu imtahandan necə keçəcəyinizdən
asılıdır. Mate ilə sınaqdan keçdiniz, indi isə 11 vicdan məhbusu
ilə necə keçəcəyiniz məlum olacaq və ola bilər ki, üçillik sınaq
müddəti sizə lazım olmasın və birbaşa ömürlük təyin
olunacaqsınız.
Buna görə də siz bu işdən kənarlaşdırılmalısınız, çünki obyektiv
qərar qəbul edə bilməzsiniz. Bu, təkcə hər ikinci gün konveyer
üsulu ilə bizə məhkəmə iclasları təyin etməyinizdən də görünür!
Dünən etdiklərinizdən sonra mən heç bir ümid bəsləmirəm" – deyə
vəkillərdən biri hakimi tənqid edib. "Məsələn, dünən tamamilə
zərərsiz, dürüst, saf və günahsız 21 yaşlı gənci tutub 4,5 il həbs
cəzası verdiniz. Sual vermək istəyirəm sizə, hörmətli Nino xanım:
illər sonra nəvələriniz sizdən soruşanda ki, ölkənin taleyi həll
olunurdu, insanlar azadlıq üçün mübarizə aparırdı və canlarını fəda
edirdi, sən o zaman harada idin?
Nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, mən buna mane olurdum?
Azadlıq uğrunda mübarizə aparan gəncləri həbsə göndərirdim? Heç bir
problem deyil, tez və ya gec Mate buradan çıxacaq və başı dik
şəkildə zindanın qapılarını açacaq. Amma sizi, dünən və yalnız
dünən yox, əvvəlki qərarlarınız üçün də hökm qarşısında görəcəklər.
Və sizi heç kim qiymətləndirməyəcək, sizin üçün heç kim göz yaşı
tökməyəcək, sizin üçün heç kim məhkəmə həyətlərini
doldurmayacaq", – bu sözlərlə 26 yaşlı Rezo Kiknadze
hakimi sərt şəkildə tənqid edib.
Rezo Kiknadze 2024-cü il dekabrın 6-da saxlanılıb. Saxlanılma
protokolunda qeyd olunur ki, o, Lisi gölü yaxınlığında tutulub.
Amma Kiknadzenin dediyinə görə, onu “Universitet” metro stansiyası
yaxınlığında tutub, daha sonra Lisi gölünə aparıblar. Saxlanılma
zamanı ona qarşı fiziki güc tətbiq edilib və ona müxalif
siyasətçilərin tapşırığı ilə hərəkət etdiyini etiraf etməsi üçün
təzyiq olunub. O, iddia edir ki, polislər onu Nika Qvaramiya,
Qiorqi Caparidze və Salome Xoştarianın tapşırığı ilə hərəkət
etdiyinə dair yalan danışmağa məcbur ediblər. Rezo Kiknadze 2024-cü
ilin noyabrında başlayan Avropayönlü etiraz aksiyalarında fəal
iştirak edib. Saxlanıldıqdan sonra o, digər məhbuslarla, o cümlədən
jurnalist Mzia Amağlobeli ilə həmrəylik məqsədilə aclıq aksiyasına
başlayıb.
Təqsirləndirilən Mate Devidzeyə məhkəmədə Onise Cxadadze də
müraciət edib. O, hakimin nəzərinə çatdırıb ki, "həmişə iqtidar
olmayacaq" – onun fikrincə, sistem vətəndaşlarla münasibətdə "odla
oynayır":
“Mən Mateyə müraciət etmək istəyirəm – elə bir qaranlıq
yoxdur ki, sən işığı axtarmalı olasan, çünki sənin kimi insanlar
özləri işıqdır. Siz işıq saçacaqsınız və bu ölkə sizindir, sizin
yaşıdlarınızındır. 29 yaşımda bunu deyirəmsə, bu, acınacaqlıdır,
çünki o qədər şey yaşamışam ki, özümü 60 yaşlı kimi hiss edirəm.
Sən uzun müddət həbsdə olmayacaqsan. Gün gələcək, müstəqil məhkəmə
sistemi olacaq və bu işlərdə iştirak edən bütün hakimlər,
prokurorlar – bizə qarşı tətbiq etdikləri eyni maddə ilə – yəni
"təşkilatlanmış cinayətə" görə, məsuliyyətə cəlb olunacaqlar. Bu
mütləq baş verəcək", – Onise Çxadadze deyib. O,
həmçinin hakimin tez-tez öz videolarına baxmasını və "özünü
nifrətlə xatırlamasını" arzulayıb. Hakim isə cavabında onu ədəbli
davranmağa çağırıb.
“Mate güclü oğlandır və əminəm ki, nə qədər müddət
həbsdə qalsa da, güclü və dözümlü olacaq. Amma insanlar haqqında
qərar verən bu məhkəmə sistemi... bu sistem əvvəlki hökumət
dövründə qurulub və çox gözəl xatırlayırıq ki, o zaman nələr baş
verirdi, insanlarla necə davranılırdı. Bu sistemi dəyişmək əvəzinə,
heç adlarını belə dəyişmədilər. Bu dövlət üçün, ilk növbədə insan
üçün çox pisdir. Əgər məhkəmə sistemi obyektiv olmazsa, ölkədə heç
nə obyektiv olmayacaq, daim xaos olacaq. Buna görə də düşünürəm ki,
bu gün ölkənin taleyini cəsarətli insanlar müəyyən
edir", – bu sözlərlə hakimə aktyor Andro Çiçinadze
müraciət edib.
28 yaşlı aktyor Andro Çiçinadze 2024-cü il dekabrın 4-də
Avropayönlü etiraz aksiyalarında qrup şəklində zorakılıqda iştirak
ittihamı ilə öz evində saxlanılıb. Andro Çiçinadze, Onise Cxadadze,
Quram Mirtsxulava, Luka Cəbua, Cano Arçaia, Ruslan Sivakov, Revaz
Kiknadze, Qiorqi Teraşvili, Valeri Teteraşvili, Serqey Kuxarçuk və
İrakli Keraşvili prokurorluq tərəfindən qrup halında zorakılıqda
iştirak etməkdə ittiham olunurlar. Onları 4 ildən 6 ilə qədər həbs
cəzası gözləyir.