ABŞ İranı bombaladı: Regionu dəyişə biləcək hadisə haqqında bilməli olduqlarınız
16:21 / 23.06.2025
İyunun 22-də gecə yarısından bir neçə saat sonra İranın paytaxtı
Tehranın təxminən 200 kilometr cənub-qərbində yerləşən kiçik dağ
silsiləsində ardıcıl və sarsıdıcı partlayışlar baş verib. Bu dağ
silsiləsi Fordo idi - İranın uzun illər ərzində yerin dərinliyində
inşa etdiyi və uranın zənginləşdirildiyi nüvə obyektinin yerləşdiyi
ərazi. Rəsmi Tehran bu fəaliyyətin mülki elektrik stansiyalarında
istifadə üçün nəzərdə tutulduğunu bildirsə də, İsrail israr edir
ki, bu obyekt nüvə silahı hazırlamaq məqsədinə xidmət edir.
Partlayışlara ABŞ arsenalındakı ən iri ənənəvi partlayıcı bombalar
- 13 tonluq "GBU-57 Massive Ordnance Penetrator' - səbəb olub. Bu
bombalar ABŞ Hərbi Hava Qüvvələrinin ən müasir təyyarələrindən biri
olan "B-2" bombardmançısı tərəfindən atılıb.
ABŞ silahlarının hədəf aldığı Fordo və digər iki obyekt üzərində
toz dumanı çəkildikcə, qarşıdakı günlər bu hadisənin əsl mənasının
nə olduğunu üzə çıxaracaq: tammiqyaslı müharibə başlayacaqmı? İran
regiondakı ABŞ bazalarına cavab zərbələri endirəcəkmi? Tehran
Hörmüz boğazı vasitəsilə qlobal neft tədarükünü bağlamağa cəhd
göstərəcəkmi? İsrail İran ərazilərinə qarşı misli görünməmiş
hücumlarını davam etdirəcəkmi? ABŞ Yaxın Şərqdə daha bir
genişmiqyaslı münaqişəyə qarışmaq üzrədirmi?
Hazırda isə bilməli olduğunuz əsas məqamlar bunlardır:
Nə baş
verib?
Yerli vaxtla gecə saat 02:30 radələrində ABŞ-nin Orta Qərb
bölgəsindəki bazalarından minlərlə kilometr məsafə qət etmiş yeddi
"B-2" bombardmançısından ibarət eskadrilya Fordo kompleksinin
üzərinə uçub.
ABŞ rəsmilərinin verdiyi məlumata görə, bu təyyarələr "sığınacaq
deşici" kimi tanınan 14 ədəd GBU-57 bombası atıblar. Bu bombalar
yerin dərinliklərinə nüfuz edə bilməsi sayəsində Fordo kimi yeraltı
obyektləri nəzəri olaraq məhv etmək qabiliyyətinə malikdir.
Eyni zamanda, ABŞ-nin Fars körfəzindəki sualtı gəmisindən İsfahanda
yerləşən daha bir nüvə obyektinə 20-dən çox "Tomahawk" qanadlı
raketi buraxılıb.
ABŞ hücumlarında hədəf alınan üçüncü obyekt Natantza isə əlavə
olaraq iki ədəd "GBU-57" bombası atılıb.
Amerikalı rəsmilərin bildirdiyinə görə, ümumilikdə ABŞ-nin 125
hərbi təyyarəsi əməliyyata cəlb olunub. Bu rəqəmə qırıcı
təyyarələrin müşayiəti və yanacaq dolduran tanker təyyarələr də
daxildir.
Hansı obyektlər nə
dərəcədə zərər görüb?
İran rəsmiləri bu genişmiqyaslı hücumları təsdiqləyib. ABŞ
prezidenti Donald Tramp isə Fordo, Natanz və İsfahan obyektlərinin
tamamilə məhv edildiyini iddia edib.
Lakin tam olaraq hansı obyektin nə dərəcədə zərər gördüyü hələ
aydın deyil.
Natanz və İsfahan son 10 gün ərzində İsrail təyyarələrinin ağır
hava zərbələrinin hədəfində olub.
Vaşinqtonda yerləşən "Nuclear Threat Initiative" analitik mərkəzi
bildirir ki, İsfahanda nüvə stansiyaları üçün yanacaq çubuqları
hazırlanır, ancaq Qərbin sanksiyalarına görə bu səylər yavaşlayıb.
Analitik mərkəzin məlumatına görə, Natanzın yeraltı strukturlarında
isə azı 50 min sentrifuqa var. Ancaq bunlar Fordo kimi dərində
yerləşdirilməyib.
Dağın dərinliyində yerləşdiyinə görə xüsusilə Fordo İsrail
kəşfiyyatı və ABŞ qurumları üçün mühüm maraq kəsb edirdi. Atom
Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) də monitorinq etdiyi
bu obyektdə uranın zənginləşdirilməsi üçün istifadə olunan minlərlə
dəqiq şəkildə hazırlanmış sentrifuqa yerləşirdi.
Müəyyən həddə qədər zənginləşdirilmiş uran elektrik stansiyalarında
yanacaq kimi istifadə olunur. Amma bu həddən yuxarı olduqda, o,
"silah uranı" (nüvə silahı hazırlamaq üçün yararlı) sayılır.
AEBA mayda yayımladığı hesabatında bildirib ki, zənginləşdirmə
prosesinin əsas mərhələsi olan 400 kiloqramdan çox uran
heksafluorid qazı artıq 60 faiz zənginləşdirilib. Bu hədd yüksək
zənginləşdirilmiş sayılır, lakin "silah uranı" deyil. CNN 2023-cü
ilin məxfi hesabatına istinadən məlumat yaymışdı ki, AEBA Fordoda,
demək olar ki, "silah dərəcəsi"nə yaxın uran aşkar edib.
İran isə nüvə fəaliyyətlərinin mülki məqsədlər üçün olduğunu israr
edib.
Müharibə ehtimalı
varmı?
İsrail hücumları alqışlayıb və bildirib ki, bu, "İran rejiminin
təcavüzünün, regiona və dünyaya təhlükə yaratmaq qabiliyyətinin
dayandırılması istiqamətində mühüm addımdır".
İran rəsmiləri isə bu hücumu qınayaraq "ABŞ-nin bu aqressiv
hərəkətinin təhlükəli nəticələri və genişmiqyaslı təsirləri" barədə
xəbərdarlıq edib. İranın yüksəksəviyyəli diplomatı Abbas Ərağçi
Rusiyaya - İranın yaxın, lakin ehtiyatlı müttəfiqi - səfər edib. O,
prezident Vladimir Putinlə danışıqlar aparacağını deyib.
Partlayışlardan bir neçə saat sonra keçirilən mətbuat konfransında
Ərağçi diplomatiya qapısının hər zaman açıq olmalı olduğunu deyərək
kompromis mümkünlüyünə işarə verib. Lakin o əlavə edib ki, "hazırda
belə bir vəziyyət mövcud deyil".
Bombardmanlardan əvvəl Vaşinqton nüvə ambisiyalarının taleyi ilə
bağlı danışıqlar zamanı Tehrana qarşı ciddi təzyiq göstərirdi. Hava
zərbələrindən əvvəl Tramp administrasiyasının həm açıq, həm də
gizli mesajları sərtləşdikcə, Avropa diplomatları hücumun qarşısını
almaq üçün daha fəal işləməyə başlamışdı.
İranın tammiqyaslı müharibəyə hazır olub-olmaması, yaxud birbaşa
olaraq Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə qarşı cavab zərbəsi
endirib-endirməyəcəyi hələ sual altındadır.
İranın əsas hərbi qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu
(SEPAH) özünümüdafiə hüququnu saxladığını bəyan edib və ABŞ-yə
"təəssüf doğuran nəticələrə hazır olmaq" barədə xəbərdarlıq edib.
Bu barədə məlumat İranın dövlət xəbər agentliyi IRNA vasitəsilə
yayımlanıb.
2020-ci ilin yanvarında, ABŞ dronun zərbəsi nəticəsində
yüksəkrütbəli İran generali öldürüldükdən sonra İran İraqdakı ABŞ
obyektlərinə, o cümlədən Əl-Əsəd hava bazasına ballistik raketlərlə
cavab hücumu həyata keçirib. Rəsmi olaraq ölənlər barədə məlumat
verilməsə də, təxminən 100 ABŞ hərbi qulluqçusunun travmatik beyin
zədəsi aldığı bildirilib.
ABŞ-nin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb
Əmirliklərində bazaları həmçinin Bəhreyndə ABŞ Hərbi Dəniz
Qüvvələrinin 5-ci Donanmasının qərargahı yerləşir.
Ancaq bütün hallarda İranın cavab vermək gücünə malik olub-olmadığı
hələ məlum deyil. Son 10 gündə İsrailin həyata keçirdiyi intensiv
hücumlar nəticəsində İranın çoxsaylı raket zavodları, hava
bazaları, hava müdafiə qurğuları və silah istehsal obyektləri zərər
görüb və ya məhv edilib ki, bu da Tehranın seçim imkanlarını
məhdudlaşdırır.
Yenə də İranın başqa alətləri - vasitələri var.
Məsələn, Tehranın kiber imkanları yaxşı məlumdur və İslam İnqilabı
Keşikçiləri Korpusu ilə əlaqəli hakerlər keçmişdə İsrail
sistemlərinə hücum etməkdə ittiham olunublar.
İran parlamenti isə iyunun 22-də Fars körfəzindən Hind okeanına
gedən və böyük neft tankerlərinin qlobal bazarlara daşındığı Hörmüz
boğazını bağlamağa çağırıb.
Hörmüz boğazının bağlanması neft qiymətlərinə ciddi təsir edəcək
bir fövqəladə hadisə olar.
Bəs
siyasət?
Bu hücum prezident Tramp üçün dönüş nöqtəsidir. Trampın siyasi
yüksəlişi bir tərəfdən ABŞ-nin Əfqanıstan və İraqa müdaxiləsi və
Suriya hərbi əməliyyatlarının yaratdığı yorğunluqdan - ABŞ-nin
"əbədi" müharibələri kimi tanınan uzunmüddətli konfliktlərdən -
qaynaqlanıb.
Vitse-prezident Vens də daxil olmaqla Trampın bir çox baş
məsləhətçiləri, ABŞ-ni xaricə müdaxilələrdən geri çəkməyə çalışıb.
İrana qarşı həyata keçirilən hava zərbələrindən əvvəlki günlərdə
Vaşinqtonun siyasi dairələrində Tramp administrasiyasının yenidən
ABŞ ordusunu Yaxın Şərqdəki münaqişəyə cəlb edib-etməməsi ilə bağlı
açıq toqquşmalar olub.
"Midnight Hammer" adlı hava hücumdan sonra Tramp və ABŞ
administrasiyasının digər rəsmiləri ehtiyatlı açıqlamalar verərək
vurğulayıb ki, məqsəd İranda "rejim dəyişikliyi" deyil və
Vaşinqtonun İsrail ilə İran arasında davam etmə ehtimal olunan bu
münaqişəyə dərindən qarışmaq niyyəti yoxdur.
Konqresdə isə demokratlar hücumu tənqid edib, ancaq əksər
respublikaçılar onu dəstəkləyib. Bununla belə, bir neçə
respublikaçı, o cümlədən sərt mövqeyi ilə tanınan Konqres üzvü
Marcori Teylor Qrin sosial mediada yazıb: "Bu, bizim
mübarizəmiz deyil".
Vitse-prezident Vens isə hücumdan bir neçə saat sonra "NBCNews"a
deyib: "Biz İranla müharibə etmirik. Biz İranın nüvə
proqramı ilə müharibə vəziyyətindəyik".