Xülasə
- Oktyabrın 13-də ABŞ-nin vasitəçiliyi ilə
İsraillə Qəzzanın atəşkəs əldə etməsindən sonra Rusiyanın Yaxın
Şərqdən çıxdaş olunması təəssüratı yaranır.
- Aİ diplomatı Rusiyanın Misirdəki sammitdə olmamasını
"Qərbin qələbəsi" adlandırıb.
- "Bu, resurs məsələsidir. Rusiyanın başqa yerlərə
ayıracaq hərbi resursları azdır".
10 il öncə Kreml Suriyaya hərbi müdaxilə ilə prezidenti Bəşər Əsəd
rejimini xilas etdi, Yaxın Şərqdə öz rolunu da
möhkəmləndirdi. Amma
Əsəd ötən ilin sonunda devrildi.
Oktyabrın 13-də ABŞ-nin vasitəçiliyi ilə İsraillə Qəzzanın atəşkəs
əldə etməsindən sonra isə Rusiyanın Yaxın Şərqdən çıxdaş olunması
təəssüratı yaranır.
Rusiya həmin gün Misirdə 20-dən çox ölkə liderinin qatıldığı
sammitdə də gözə dəymədi. Sammitə ABŞ prezidenti Donald Tramp
həmsədrlik edirdi. Xarici işlər naziri Sergey Lavrov jurnalistlərə
Moskvanın bu tədbirə dəvət olunmadığını deyib.
Kreml isə bu həftəsonu ərəb liderləri ilə Moskvada keçirilməsi
planlaşdırılan zirvə görüşünü ləğv edib. "Bloomberg"in mənbələrə
istinadla yazdığına görə, sammitin ləğv olunmasının əsas səbəbi
region ölkələrindən çox az sayda liderin iştirakını təsdiqləməsi
olub.
"Rusiya 2015-ci ildə Suriyaya müdaxilədən bəri Yaxın
Şərqdə diplomatik baxımdan bu qədər kənarda
qalmamışdı", – Silahların Yayılmaması Tədqiqatları
üzrə Ceyms Martin Mərkəzinin Avrasiya üzrə direktoru Hanna Notte
AzadlıqRadiosuna bildirib.
Avropa rəsmiləri də AzadlıqRadiosuna adlarının açıqlanmaması şərti
ilə deyiblər ki, bütün bunlar Rusiyanın Yaxın Şərqdəki nüfuzunun
azaldığını göstərir.
"Bu, Rusiyanın regiondakı rolunun azalmasının daha bir
göstəricisi idi. Sammitin ləğvi də bunu sübut edir. Suriya və
İraqdan cəmi iki lider iştiraka razılıq verib", –
Avropa İttifaqının Rusiya və Avrasiya üzrə bir rəsmisi deyib.
Aİ-nin başqa bir diplomatı isə Rusiyanın Misirdəki sammitdə
olmamasını "Qərbin qələbəsi" adlandırıb.
"ABŞ, ərəb və Qərb liderlərini birgə səhnədə görmək, bu
prosesdə nə Rusiya, nə də Çinin olması yetərincə simvolik mənzərə
idi", – diplomat deyib.
Moskva vs. dəyişən Yaxın Şərq
AzadlıqRadiosunun jurnalisti Reyd Stendiş yazır ki, Moskva sürətlə
dəyişən bir Yaxın Şərq reallığı ilə üz-üzədir. Rusiya regiondakı
nüfuzu son illər az zərbə yeməyib. Moskva əsas diqqətini artıq dörd
ilə yaxındır davam edən Ukrayna işğalına yönəldib.
Moskvanın İranla birlikdə Suriya vətəndaş müharibəsində hərbi
müdaxilə edərək dəstəklədiyi Bəşər Əsəd 2024-cü ilin sonunda
devrildi, Moskvaya qaçdı.
2023-cü il oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın
İsrailə hücumu, bunun ardınca genişmiqyaslı İsrail-Qəzza müharibəsi
Kremlə əlavə diplomatik problemlər yaratdı. Axı Moskva onilliklər
boyunca Tel-Əvivlə strateji münasibətlər qurmuşdu.
İyunda ABŞ və İsrailin İrana hava zərbələri isə Rusiyanın regionda
əsas tərəfdaşı olan Tehranı hərbi baxımdan zəiflətdi. Bu da
Moskvanı İrana əlavə silah vermək məsələsində tərəddüd göstərməyə
vadar etdi.
Təhlilçilər bütün bunları Moskvanın dəyişən siyasi yanaşmasının
göstəricisi sayırlar. Rusiya Ukrayna müharibəsinə fokuslandığından
digər bölgələrə yönəldə biləcəyi strateji resursları azalıb.
"Bu, resurs məsələsidir. Rusiyanın başqa yerlərə
ayıracaq hərbi resursları azdır", – H.Notte
bildirib.
Moskvanın üzləşdiyi diplomatik çətinliklərin biri də onun Yaxın
Şərqdə yön verməyə çalışdığı mürəkkəb tərəfdaşlıq əlaqələri və
strateji maraqlardır.
Rusiya uzun müddətdir İranla güclü münasibətlər saxlayır. Moskva
Tehranın əsas xarici investorlarından və silah təchizatçılarından
biridir. Tehran isə Ukrayna işğalının ilk ilində Rusiyaya çox
ehtiyac duyduğu dronlarla yardım edib, Rusiyanın özündə dron
istehsal edən zavod qurulmasına kömək göstərib.
Prezident Vladimir Putin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə
Ərəbistanı kimi Fars Körfəzi ölkələri ilə də daha dərin
münasibətlər qurmağa çalışır. Moskva üçün getdikcə daha çox
əhəmiyyət kəsb edən bu ölkələr isə daha güclü bir İranı
istəməzlər.
Bu, Moskvanı çətin seçim qarşısında qoyur: bir yandan regiondakı
əsas tərəfdaşı İranı dəstəkləmək istəyir, digər yandan 2022-ci ilin
fevralından Ukraynanın işğalına görə üzləşdiyi Qərb
sanksiyalarından yayınmasında mühüm rol oynayan Körfəz ölkələri ilə
münasibətləri qorumağa çalışır.
Mövqeyi zəiflər, amma getməz
İsrail və HƏMAS arasında son razılaşma vacib diplomatik irəliləyiş
sayılsa da, uzunmüddətli və dayanıqlı sülh hələ qeyri-müəyyən
qalır.
H.Notte deyir ki, Rusiya Suriyaya müdaxiləsindən sonrakı dövrlə
müqayisədə regionda əvvəlki nüfuzunu itirsə də, Misirdəki sammitdən
kənar qalması Moskvanın Yaxın Şərqdə artıq təsirinin qalmadığı
anlamına gəlmir.
"Rusiya Ukraynada ilişib qalmasaydı belə, ehtimal ki,
İsrail-Fələstin məsələlərində əsas oyunçu olmayacaqdı. Soyuq
müharibədən sonra Moskvanın bu məsələdə rolu çox məhdud
olub", – təhlilçi əlavə edib.
Bu arada Rusiya Suriyada təsirinin qalıqlarını qoruyub saxlamağa
müvəffəq olub.
Əsədin devrilməsindən sonrakı bəzi proqnozlara baxmayaraq, Rusiya
Suriyadakı Tartus dəniz bazasını və Hmeymim hava bazasını saxlaya
bilib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Suriya
prezidenti Əhməd əl-Şəraa hökuməti ilə müsbət əlaqələr qurmağa
çalışır.
Əl-Şəraa keçən ay Moskvanın yüksəksəviyyəli nümayəndə heyətini
şəxsən qəbul edib. Oktyabrın 12-də CBS-ə müsahibəsində o, Rusiya
ilə daha dərin münasibətlər qurmaq üçün qapını açıq saxladığını
göstərib.
"Hazırda Rusiya ilə münaqişəyə girmək Suriyaya çox baha
başa gələr. Bu, ölkənin maraqlarına uyğun olmaz", – o
bildirib.
Əl-Şəraa oktyabrın 15-də Moskvada V.Putinlə görüşəcək. Xəbəri
Suriyanın SANA dövlət xəbər agentliyi yayıb. İki lider regiona və
beynəlxalq prosesləri, ölkələri arasında əməkdaşlıq yollarını
müzakirə edəcəklər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.