Gənc fəal Samirə Bayramova Mədəniyyət Evinin rəhbərliyini Marneulidə yaşayan etnik azlıqlara qarşı diskriminasiyada ittiham edir - Mədəniyyət Evi yaxın gələcəkdə bu ittihamı təkzib etməyi planlaşdırır

Son günlərdə sosial şəbəkədə Marneuli Mədəniyyət evinin məsələsi ilə bağlı çox sayda şərhlər yazılır.

Marneulili aktivist Samirə Bayramova Mədəniyyət Evinin fəaliyyətini tənqid edən və etnik azlıqların məlumatsız qalmasını və daha az imkanlarının olmasını diqqətə çatdıran paylaşımlardan birinin müəllifidir. Bizimlə söhbət zamanı Bayramova izah etdi ki, onun Facebookda yayımladığı paylaşımı radikal olaraq fərqli şərhlər alıb. O, hesab edir ki, onun vətəndaş və aktivist kimi tənqid etmək hüququ var.

“Çox pisdir ki, mənim paylaşımıma şərhlər başqa istiqamətdə gəldi. İctimai sektor bu tənqidi adi şəkildə qəbul etməlidir. Nə xoşuma gəlmirsə onu qeyd etmək hüququm var. Mənim etirazım odur ki, hamı bərabərhüquqlu olmalıdır və bu halda hamı görər ki, Mədəniyyət Evi nə yaxşı iş görür. Təəssüf ki, qoşulmaq yalnız şəhər səviyyəsindədir. İkinci etirazım o idi ki, kəndlərdə cəmi 6 Mədəniyyət Evi var və heç biri fəaliyyət göstərmir. Həmin icma nümayəndələrinin də hüququ var ki, aktivliklərə qoşulsunlar” – deyir Samirə Bayramova.

Bayramova deyir ki, Mədəniyyət evinin aparıcı vəzifələrində heç bir etnik azlıq nümayəndəsi işlə təmin olunmayıb. O, izah edir ki, onların ictimai-mədəni həyata qoşulması vacibdir. Misal olaraq isə Novruz bayramını qeyd edir və bildirir ki, tədbir “gülməli” şəkildə keçirilib.

“Son iki ildir ki, Novruz bayramını elə keçirirlər ki, bizim milli bayramın standartlarına uymur. Ona görə də mədəniyyət evində azərbaycanlının çalışması vacibdir ki, belə mövzularda iştirak etsin. İşlə təmin olunmasa da bununla bağlı fərqli adamların fikri, məsləhəti önəmlidir. Keçən il olan həqiqətən də gülməli idi. Bizdə kosa, keçəl və bahar qızı var və onlar kloun şəklində təqdim olunmuşdu və bu mədəniyyətin təhqiri idi” - deyir Samirə Bayramova.

Aktivist düşünür ki, onun paylaşımına meriya əməkdaşları, pedaqoqlar və Mədəniyyət Evinin əmədaşları tərəfindən gələn şərhlər qeyri-obyektivdir. Samirə Mədəniyyət Evinin adının dəyişdirilməsi məsələsinə də rəy bildirdi və qeyd etdi ki, Mədəniyyət Evinin əməkdaşları neytrallıq mövqeyi tutmalıdırlar çünki hələ meriyanın cavabı yoxdur.

Mədəniyyət Evi etnik işarə ilə fərq qoyurmu? 6 kənddə duran mədəniyyət evləri həqiqətən də fəaliyyət göstərmirmi? Mədəniyyət Evi kəndlərdə icmanın aktivləşdirilməsi, ictimai-mədəni həyata qoşulması üçün necə çalışır? Bu suallara cavab vermək üçün Marneuli Mədəniyyət Evinin direktoru Nato Şavişvili müsahibədən çəkindi. Səbəb olaraq isə yaxın günlərdə Samirə Bayramova və maraqlanan digər şəxslərlə görüş keçiriləcəyini və bütün suallara cavab veriləcəyini qeyd etdi. Görüşün konkret günü isə hələ seçilməyib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები