Artıq illərdir ki, Marneuli sakinləri
Rustaveli küçəsində yerləşən Mağalaşvili adına körpünün alt
hissəsindəki yolda işıqlandırmanın olmamasından
şikayətlənirlər.
Sözü gedən körpünün olduğu ərazidə Marneuli 2 saylı ictimai məktəbi
yerləşir və həmin məktəbin şagirdlərinin dərs çıxışı gecə
saatlarına təsadüf etdiyi üçün valideynlər orada işıqlandırmanın
olmamasına görə narahat olurlar.
Gecə işıqlandırmanın olmamasına görə oraya toplaşan sahibsiz küçə
itləri sakinləri daha da narahat edir. Bizimlə söhbəti zamanı
müsahiblərdən biri həmin küçədə yerləşən kafenin işçilərdən birini
orada toplaşan sahibsiz küçə itlərinin dişlədiyini bildirdi.
Xatırladaq ki, bir müddət bundan əvvəl körpünün alt hissəsində
yerləşən mağazaların birində oğurluq hadisəsi, küçədə çaqqalın bir
nəfəri dişləməsi halları qeydə alınmışdır. Bütün bunlara baxmayaraq
işıqlandırma ilə bağlı heç bir tədbir görülməyib.
2015-ci ildə bir qrup gənc tərəfindən bələdiyyəyə həmin ərazidə
işıqlandırma sisteminin yaradılması ilə bağlı ərizə təqdim olunub.
Bələdiyyə tərəfindən ərizəyə müsbət cavab verilmiş və yaxın zamanda
problemin həll olunacağı bildirilmişdi. O vaxtdan bələdiyyə
tərəfindən artıq 3-cü büdcənin də təsdiqlənməsinə baxmayaraq,
məsələ hələ də öz həllini tapmayıb.
İnfrastrukturun İnkişafı, Təhlil və Monitorinq şöbəsinin əməkdaşı
Davit Mumladze bizimlə söhbəti zamanı bildirdi ki, Mağalaşvili
adına olan körpünün alt hissəsindəki yolda işıqlandırma problemi
tez bir zamanda həll olunacaq. İşıqlandırmasının dəqiq nə vaxt
quraşdırılacağını deməyən Mumladze, layihənin 2019-cu ilin
büdcəsində nəzərdə tutulduğunu qeyd etdi.