Necə gəldi, necə getdi – Temur Abazovun 8 aylıq merliyi
Bu gün, 12 fevral tarixində məlum oldu ki, Marneuli meri Temur Abazovun vəkilləri Marneuli Bələdiyyə Məclisinə onun istefası ilə bağlı məktubla müraciət ediblər. Bələdiyyə Məclisi prosedur olaraq məktubu arayış olaraq qəbul etməli və onun səlahiyyətlərini dayandırmalıdır.

Prokurorluq Temur Abazovu 14 iyun tarixində Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham etmişdi.

Məsələ sosial şəbəkədə yayılmış video ilə bağlı idi ki, həmin videoda da Elçin Allahverdiyev öz sidiyi ilə üzünü yumağa və öz ailə üzvlərini söyməyə məcbur edilmişdi.

Bu video zərərçəkən Allahverdiyevin Vahid Milli Hərəkatın üzvləri ilə birlikdə Tbilisidə etiraz aksiyasında olduğu zaman Abazovun həyat yoldaşı və Bidzina İvanişvilini “Facebook” canlı yayımında söydüyü videoya qarşılıq olaraq çəkilmişdi.


Abazov yeddi ay ərzində ilkin həbsdə olub. Dekabrda məhkəmə Abazovu girov qarşılığında azad edib. Vəkillərin sözlərinə görə, prokurorluq ona qarşı ittihamları sübuta yetirə bilmir və yalnız Elçin Allahverdiyevin ifadəsini əsas gətirir.
Marneulililər Temur Abazovun adını ilk dəfə 2017-ci il yerli özünüidarə seçkilərində Bələdiyyə Məclisinin hazırkı sədri Amiran Qiorqadzenin merliyə namizədliyi geri çəkilən zaman duymuşdu. Amiran Qiorqadze isə öz namizədliyinin geri çəkilməsini ilk olaraq “Marneuli” radiosunun jurnalistlərindən eşitmişdi. Onun namizədliyinin geri çəkilməsi Tbilisidə “Gürcü Arzusu”nun mərkəzi ofisi qarşısında etiraz aksiyasına səbəb olmuşdu.


Marneulinin majoritar deputatı Tamaz Naverianinin də aksiyaya qoşulmasına və AMiran Qiorqadzenin namizədliyinin geri çəkilməsinə etiraz etməsinə baxmayaraq, mərkəzi ofisdə Temur Abazovun namizədliyini təsdiqləmişdilər.


Sakinlər Temur Abazov barədə nə bilirdi?

Temur Abazov Daxili İşlər Nazirliyinin əməkdaşı idi. O, Marneuli merliyinə Gürcüstanın Azərbaycandakı səfirliyindəki hərbi attaşe vəzifəsindən gəlmişdi.

Abazovun namizədliyinin təqdimatı:

Onun tərəfindən təqdim olunmuş xülasədə qeyd olunub ki, o, 2012-ci ildə MArneulidə Bidzina İvanişvilinin seçki qərargahına rəhbərlik edib. Abazov həqiqətən də “Gürcü Arzusu”nun bugünkü rəhbəri Bidzina İvanişvili baş nazir kimi Novruz Bayramında iştirak etmək üçün gələn zaman Marneulidə olmuşdu.


Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən, Abazov bir aylıq seçki kampaniyası nəticəsində 71% səs toplamışdı.

Onun ilk iş günü və görüşü Qaçağan kəndində baş tutmuşdu. Həmin görüş Abazovun cinsiyyətçi ifadəsi ilə yadda qalmışdı. Görüşdə yalnız kişilər iştirak edirdilər və o, “yəqin indi həyat yoldaşlarına yemək hazırlayırlar” ifadələrini işlətmişdi. Abazovun bu ifadələrinə xalq müdafiəçisi Uça Nanuaşvili münasibət bildirmişdi və bu ifadələri “seksist” adlandırmışdı.

Həyata keçirilmiş konkret dəyişikliklər:

Marneulidə küçə ticarəti ilə mübarizə Temur Abazovun adı ilə bağlıdır. Bu məsələ ilə bağlı dəfələrlə müzakirələr aparılmışdı. O, alternativ yollar tapmaq üçün küçə ticarətçilərinə vaxt vermişdi.

Onun saxlanılmasından sonra isə küçə ticarəti məsələsi meriyada bir daha müzakirə olunmadı.

Abazov xalqla daha yaxın olmaq üçün öz şəxsi maşını ilə Marneuli mərkəzi meydanınadək gəlirdi, sonra isə yoluna bələdiyyə avtobusu ilə davam edirdi.


Onun arzularından biri də xalqın vəzifəli şəxsləri daha asan tanıması və müraciət etməsi üçün Marneuli meriyasının əməkdaşlarının xüsusi forma geyməsi idi.

Temur Abazov Marneuli meri vəzifəsində 8 ay qaldı. Qanunvericiliyə əsasən, onun istefasından sonra Marneulidə rəsmi olaraq mer seçkiləri keçiriləcək. Seçkilər yazda baş tuta bilər. Namizədlərin kimliyi isə güman ki, onun istefasının rəsmiyyət qazanmasından sonra məlum olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები