Marneulidə "Algetin səsi" adlı mərkəz fəaliyyətə başladı
Algeti kəndində yeni “Algetin
səsi” adlı mərkəz fəaliyyət göstərməyə başlayıb. Mərkəz
“Orbeliani Gürcüstan” fondunun dəstəyi ilə lazımi avadanlıqlarla
təmin olunub.
13 iyun tarixində açılışı baş tutan Algeti 2 saylı ictimai
məktəbində “Algetin səsi” adlı mərkəzin açılmasının əsas məqsədi
kənddə yaşayan gənclərin maarifləndirilməsi, onların fəal vətəndaş
kimi yetişdirilməsidir.
Bu vaxt ərzində mərkəzdə iməcliklər, poeziya gecələri, sorğular və
məlumat xarakterli görüşlər keçirilib. Mərkəz həmçinin Mollaoğlu
kəndində fəaliyyət göstərən “Yeni Düşüncə İnstitutu” ilə də
əməkdaşlıq edib və birlikdə gənclərə fərqli mövzularda
maarifləndirmə xarakterli təlimlər keçiriblər.
Algeti 2 saylı ictimai məktəbinin köməkçi müəllimi və “Algetin
səsi” mərkəzinin təsisçisi Ayşən Qızbəsova Marneuli radiosuna
müsahibəsi zamanı qeyd etdi ki, Algeti kəndində gənclərin öz
bacarıqlarını nümayiş etdirmələri, fəal olmaları və gün ərzində
vaxtlarından səmərəli istifadə etmək üçün elə bir məkan yoxdur.
Qızbəsova onu da qeyd etdi ki, Algeti kəndində uzun illərdir belə
bir məkana ehtiyac var idi. O, düşünür ki, mərkəzin açılması
sayəsində gənclər QHT-lərlə əməkdaşlıq edəcək, təlimlərdə iştirak
edərək daha fəal olacaqlar.
“Təəssüf, kəndlərimizdə mədəni-ictimai fəaliyyət donmuş
vəziyyətdədir və ruhumuz kasıblığa düçar olub. Canlanma üçün
birliyə-bərabərliyə ehtiyac var” - Ayşən Qızbəsova
deyir.
Qızbəsovanın sözlərinə görə, bu vaxt ərzində onlar təlimlərlə
yanaşı gəncləri gəzinti məqsədi ilə Gürcüstanın bir neçə
şəhərlərinə aparıblar. O, deyir ki, indiki mərhələdə mərkəzə
gənclər tərəfindən maraq çoxdur, lakin məkan kiçik olduğundan
gələcəkdə meriyaya müraciət edərək məkanı böyütmək və dəyişmək üçün
onlarla da əməkldaşlıq etməyi düşünürlər.