Marneuli meriyası tərəfindən 17 mart tarixində qəbul olunmuş qərara
əsasən bələdiyyədə hərəkət edən bütün növ ictimai nəqliyyat
vasitələrinin fəaliyyəti dayandırılıb.
Marneulinin meri Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti
zamanı deyib ki, qeyd olunan qərar koronavirusun qarşısının
alınması məqsədi ilə verilib.
Tbilisi meriyası da belə qərar qəbul edib. Tbilisidə yalnız
bələdiyyə nəqliyyatı hərəkət edir.
“Marneuli” radiosunun Marneuli meriyasının Tbilisinin
təcrübəsini nəzərə alması və bələdiyyə nəqliyyatının hərəkətini
məhdudlaşdırmaması ilə bağlı sualına Zaur Darğallı cavab verib ki,
Marneuli meriyasının balansından olan avtobuslar pis vəziyyətdədir
və sürücülər və sərnişinlər arasında məsafə saxlamaq mümkün
olmayacaqdı. “Mən bir daha əhalini vacib olmadığı halda evdən
çıxmamağa çağırıram. Məsələ ciddidir və bu ciddilikdən irəli
gələrək biz bir az ciddi ölçülər götürürük”, – Zaur
Darğallı deyib.
Marneuli meri bizimlə söhbəti zamanı qeyd etdi ki, şəxsi nəqliyyatı
olmayan ancaq işə getməli olan vətəndaşlar meriyaya müraciət edə
bilər və meriya müvəkkillərinin də prosesə qoşulması ilə onların
hərəkəti ilə bağlı müzakirə aparar.
“Bu haqda hələ ki, müzakirəmiz olmayıb. Əgər kiməsə,
konkret adamlara hərəkətlə bağlı problem yaranarsa, bizə müraciət
edə bilərlər. Bu gün bu məsələ ilə bağlı meriyada müzakirəmiz
olacaq. Əgər kimsə distant çalışa bilirsə, çalışsın, amma işlə
təmin edənlər buna icazə vermirsə, onlarla bunu da müzakirə
edəcəyik”, – Zaur Darğallı deyib.
Marneuli meri radio ilə söhbətində bildirib ki, ictimai nəqliyyatın
hərəkətinin dayandırılması vətəndaşların təhlükəsizliyinə görə olub
və bu qərar kiminsə şəxsi komfortunu məhdudlaşdırmağa görə qəbul
edilməyib.
Mövcud olan məlumata görə, Marneuli bələdiyyəsi miqyasında bütün
növ nəqliyyat vasitələrinin hərəkəti iki həftəlik dayandırılıb.
"Marneuli" Radiosu