Marneulidə 62 yaşlı qadının koronavirusa yoluxması xəbərini
vermişdik.
Qadın daha əvvəl yas mərasimində iştirak etdiyinə görə 23 mart
tarixində Marneuli və Bolnisi bələdiyyələri ciddi karantin rejiminə
alınıb. Bundan sonra sosial şəbəkələrdə etnik azərbaycanlılara
qarşı qeyri-etik fikirlər yazılaraq paylaşımlar edilib.
Etnik azərbaycanlıların Gürcüstandan getməsi, həmçinin Marneuli və
Bolnisi bələdiyyələrinin ciddi karantin rejiminə keçməsini məhz
vəziyyəti ağır olan
koronavirus daşıyıcısı Marneulili qadınla
əlaqələndirərək aqressiv fikirlər irəli yürüdürlər. Bəziləri
yazdıqları fikirlərdə azərbaycanlıları “Tatar” belə adlandıraraq
dövlət dilini bilmədiklərini vurğulayıb. Yazılan fikirlərin çoxunda
Marneuliyə yönləndirilmiş fikirlərə rast gəlmək mümkündür. Belə ki,
Marneulililərin dövlət dili deyil, azərbaycan və rus dillərinə
üstünlük vermələri və əsasən bu dildə danışmalarından bəhs
olunur.
Təbii ki, bu fikirlərin əksini səsləndirənlər də az deyil.
İnsanların bəziləri eyni dövlətin vətəndaşları olduqlarını və milli
ayrımçılıq etməməyin düzgün olmadığını yazıblar. Gürcüstan milli
kitabxanasının direktoru Qiorqi Kekelidze və eləcə də bəzi insanlar
yazılan fikirlərin yanlış olduğunu düşünərək paylaşım ediblər.
“1. Xəstəliyini gizlədən və virusu yayan qadın aydındır
ki, məsuliyyətsiz vətəndaşdır.
2. Xəstəliyini gizlədən və virusu yayan qadın eyni zamanda özü də
bu xəstəliyin qurbanlarındandır və ona sağalmağını arzu edirəm.
3. Bu qadın səhvə yol vermiş Gürcüstan vətəndaşıdır, “öləsi tatar”
deyil.
4. Eynilə karantindən qaçan və onları aparmaq istəyənlərin
sifətlərinə yumruq vuranlar kimi.
Və Marneulidə, ya Bolnisidə, ya Axalkalakidə, ya da Axaltsixedə,
yaxud Dmanisidə sonuncu dəfə nə vaxt olmuşunuz ki, indi çığır-bağır
salırsınız? Bizi öldürdü, bizi öldürdü deyirsiniz. Bizi öldürmədi,
biz hamımız birlikdə öldük. İndi özümlə fəxr etməyəcəyəm, heç bunun
vaxtı da deyil, lakin həftədə bir dəfə gedirdik, Gürcü dili dərsi
keçirdik və kitablar aparırdıq, bəlkə kimsə bunu özünü göstərmək
üçün aksiya olduğunu düşünürdü, və ya indi də elə düşünür.Oralarda
mükəmməl insanlar yaşayır, xüsusilə gənclər. Əsas odur ki, onlarla
tez-tez və açıq aydın söhbət edin”, – Qiorqi
Kekelidze yazıb.
Marneuli və Bolnisidən olan dostlarına dəstək olanlardan biri də
Mariam Kruaşvilidir. O, 10 gündür ki, Batumidə karantində olmasına
baxmayaraq oradan video paylaşım edərək dostlarına dəstək olub.
“Bu gün 2020-ci ilin 23 mart tarixi, karantinin 10-cu
günüdür. Mənim adım Mariamdır. Bu qısa çıxışımla Marneulidə və
Bolnisidə yaşayan dostlarıma, həmçinin, həmin ərazidə yaşayan və bu
gün çətin vəziyyətdə olan vətəndaşlara, müraciət etmək istəyirəm.
Mən inanıram ki, birlikdə buna qalib gələcəyik və tezliklə bu
vəziyyət bitəcək. Mən buraya gələndə həmin tanıdığım adamlar mənə
çox sayda mesajlar yazırdı. Bu gün isə həmin ürəkdən gələn
salamları və xoş arzuları mən geri qaytarmaq istəyirəm. Çalışacağam
ki, bacardığım qədər dəstək olum. Hələ 5 gün ərzində yenə burada
qalmalıyam, ona görə çox şey edə bilməyəcəyəm. Karantində yaşamaqla
bağlı müəyyən təcrübə topladım və lazım olduğu halda məsləhətlər
verə bilərəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, dil maneəsi çox
böyük məlumat vakuumu yaratdı. Bu çox ağır nəticələrə aparıb çıxara
bilər və ona görə də qeyd etdiyim problemin həlli üçün
çalışmalıyıq. Hamınıza xoş arzularımı çatdırıram. Əsas odur ki,
məlumatlı olaq və bunu başqaları ilə bölüşək. Bir də əsas daxili
sakitliyi qorumaqdır. Sizə sakitlik, sağlamlıq və yaxınlarınızın
yaxşı olmasını arzu edirəm”, – Mariam Kruaşvili
deyir.
Məsələ ilə bağlı Marneuli meri Zaur Darğallının da nə düşündüyü ilə
maraqlandıq. Mer “Marneuli” radiosu ilə müsahibəsi zamanı bildirdi
ki, edilən paylaşım və yazılan fikirlərdən xəbərdardır. Onun
sözlərinə görə, həmin paylaşımlar lazımi idarələrə artıq
çatdırılıb.
“Bu insanlar heç bir vətəndaş məsuliyyəti olmayan
insanlardır. Təəssüf olsun ki, bu cür yersiz statuslar paylaşırlar
və dövlət həmin insanların paylarını verəcək”, – Zaur
Darğallı dedi.
Darğallı həmçinin yazılanlarla bağlı öz səhifəsində də paylaşım
edəcəyini bildirdi.
Marneulili fəal Samirə Bayramovanın sözlərinə görə, koronavirusla
bağlı Marneuli və Bolnisi bələdiyyələri karantinə alındığı gündən
regionla bağlı təhqiredici, etikadan kənar paylaşımlar olunub. O,
bildirir ki, bu insanların ölkədə yaşayan etnik azlıqları kifayət
qədər tanımamalarından irəli gəlir.
“Biz bir çox səhifələrdə insanların təhqir edici,
alçaldıcı, qeyri etik şəkildə öz fikirlərini yazdıqlarını gördük.
Bu o deməkdir ki, Gürcüstanda yaşayan millətlər, qruplar hələ
bir-birlərini tanımırlar və bir-biriləri barədə kifayət qədər
məlumatları yoxdur. Mən deyərdim ki, bunların içərisində olan
nifrətin səbəbi Gürcüstanda yaşayan etnik azlıqlar haqqında
məlumatlarının olmamasıdır. Bir çox paylaşımlarda gördüm ki,
insanlar yazıblar bunlar yaxşı oldu ki, koronavirusa tutulublar və
orada hamısı ölməlidirlər, hamısını ölkədən çıxarmaq lazımdır,
zəhərləmək lazımdır, məhv etmək və bunların kökünü Gürcüstandan
kəsmək lazımdır. Eyni zamanda əlavə edirlər ki, məhz koronavirusun
Kvemo Kartlidə olmasının əsas səbəbi Davit Qareci məsələsinə görə
Allah onları cəzalandırıb. Çox təəssüf olsun ki, onlar bunu
anlamırlar ki, bu beynəlxalq bir məsələdir və sadəcə Gürcüstanda
deyil. Qaldı ki, dil problemi bəli, regionda yaşayan erməni və
azərbaycanlı millətlərin gürcü dilində yaşadıqları problemlər var.
Bu haqda dəfələrlə danışılıb. Amma problem o deyil ki, məhz onlar
gürcü dilini öyrənməkdə həvəsli deyillər. Bununla bağlı biz bilirik
ki, təhsil sahəsində nə qədər böyük problemlər var, nə qədər
çatışmazlıqlar var. İstər siyasi baxımdan, istər iqtisadi
məsələlərdə, sosial məsələlərdə kifayət qədər problemlər var.
Təəssüf olsun ki, təhsillə bağlı bir çox proqramlar
keyfiyyətsizdir, nəzarətsizdir və demək olar ki, dövlət Gürcüstanda
yaşayan etnik azlıqlara dövlət dilini öyrədə bilmir. Böyük
məsuliyyətsizlik var, məsələyə ciddi yanaşma yoxdur və hər kəs
bilməlidir ki, Gürcüstanda gürcü dilini bilmək dövlətin üzərinə
düşən bir məsuliyyətdir ki, o öz ölkəsində yaşayan etnik azlıqlara
dövlət dilini tədris etsin”, – Samira Bayramova
dedi.
Xatırladaq ki, 23 mart tarixindən etibarən Marneuli və Bolnisi
bələdiyyələri ciddi karantin rejiminə keçib. Qeyd olunan qərar
Marneulidə bir qadının koronavirusa yoluxmasından sonra
verilib.
Müəllif : Pərvin Hacıyeva