Ruslan Hacıyev “Marneuli” radiosu ilə söhbəti zamanı “Gürcü Arzusu”
partiyası tərəfindən majoritar dairədən kimin namizədliyini irəli
sürəcəyi haqqında məlumatının olmadığını bildirmişdi.
O, bu qərarın Bidzina İvanişviliyə məxsus olduğunu demişdi.
Hacıyevin bu fikirlərinə “Milli Hərəkat Partiyası”-nın deputatı
Azər Süleymanov 24news.ge saytına müsahibəsi zamanı münasibət
bildirib.
Süleymanov Bidzina İvanişvilini diktator adlandırıb. O,
müsahibəsində
“Bu gün xoşa gəlməz hadisədir ki,
majoritar deputat Ruslan Hacıyev çıxıb təstiqləyir ki, bunların tək
başına süpürgəçi belə təyin etməyə ixtiyarları
çatmır”, – deyib.
Majoritar deputat Ruslan Hacıyev “Marneuli” radiosu ilə söhbəti
zamanı Azər Süleymanovun onun haqqında söylədiyi fikirlərə
münasibət bildirdi. O, Süleymanovu ciddi insan olaraq tanıdığını,
lakin bu fikirlərinin qeyri-ciddi olduğunu dedi.
“Mən Azər Süleymanovu ciddi adam olaraq qəbul edirəm, amma
fikirlərini qeyri-ciddi olaraq qəbul edirəm. Özü ciddi adamdır,
amma qeyri-ciddi bəyanat paylaşıb. Əlbəttə, bu ictimiyyət üçün
nəzərdə tutulub. Bunu demək istəyirəm ki, partiyanın siyasi
şurasında bütün namizədlər müzakirə olunur. Siyasi şura tərəfindən
kimin harada namizəd olmasına qərar verilir. Bizim Gürcü Arzusunda
demokratik və azad şəkildə keçirilməsinə heç kimin şübhəsi yoxdur.
Bunu başqa partiyalarla heç müqayisə belə etmirəm. Buna görə də heç
o müsahibəni ciddi qəbul etmirəm.”
Ruslan Hacıyev Azər Süleymanovun “Tək başına süpürgəçini belə təyin
etməyə ixtiyarı yoxdur” fikrinə də cavab verdi. O, bildirdi ki, hər
hansı bir vəzifəyə təyinat yerli bələdiyyə və orqanların qərarı
əsasında olur.
“Gürcü Arzusu partiyasında qərarlar hər zaman
bələdiyyələr, meriyalar tərəfindən verilib. Bu tam müstəqil və azad
qərarlar olub. Bunu bütün dünya, ictimaiyyət, Gürcüstanımız bilir
ki, Gürcü Arzusu hökuməti zamanı nə qədər azadlıq, sərbəstlik olub.
Bu o azadlığın nəticəsidir ki, bir çox müxalif qüvvələr ağzına
gələni danışır.”
Azər Süleymanovun 2020-ci ilin Parlament
seçkiləri zamanı Gürcü Arzusu partiyasından heç kimin qalib ola
bilməyəcəyi fikirlərinə Ruslan Hacıyev gülərək
“Biz son
zamanlar məğlub olmamışıq, məğlub olmağın da nə demək olduğunu
bilmirik” cavabını verdi.
Hacıyev heç vaxt özünü düşünmədiyini və partiya tərəfindən
müzakirələr nəticəsində namizədliyi irəli sürüləcək olan şəxsə
dəstək olacağını bildirdi.