Marneulinin mərkəzi parkında inventara dəyən zərərə görə mühafizə xidməti məsuliyyət daşıyacaq

Marneuli bələdiyyəsi mərkəzi parka qulluq göstərmə öhdəliyini mühafizə polisinə həvalə edib.


Bu barədə Marneuli merinin müavini Laşa Lobcanidze məlumat verdi. Onun bildirdiyinə görə, parkın ərazisini qorumaq üçün iki nəfər müqavilə əsasında işlə təmin olunublar və növbətçiliklə işləyəcəklər.

“Biz artıq mühafizə polisi ilə müqavilə bağladıq. Mühafizə polisi oradakı inventarı qoruyacaq və orada baş verən məsələlərlə bağlı məsuliyyət daşıyacaq. Bu mərkəzi parkda qurulmuş infrastrukturun qayğısına qalmaq üçün ən yaxşı çıxış yolu olacaq. Düşünürəm ki, əhali də mühafizə polisinin 24 saatlıq rejimdə işləməsini bilərsə, qaydalara əməl etməyə alışacaq.”


Lobcanidzenin sözlərinə görə, parkın ərazisində bir neçə müşahidə kamerası artıq qurulub.

Meriya Marneulidə istirahət zonasının qurulmasına bir milyon laridən artıq pul xərcləyib. Ancaq açıldığı gündən bir ay sonra parkda inventarın əksəriyyəti artıq xarab olub. Məkan bir neçə zonaya bölünüb. Həmçinin, uşaqlar üçün məkan da ayrılıb və yelləncəklərin əksəriyyəti artıq sıradan çıxıb. Onlar kustar üsulla təmir olunub və yelləncəklərin bir neçəsi yerində yoxdur.

Marneulidə “Yenə də böyüyəcəklər” abidəsinin bərpasını və ərazidə yenidənqurma işlərini “Inter texnoloq” MMC 1 092 328 lariyə həyata keçirib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google