Ərcivan Sarvan kəndində su quruyur, yol problemi həll olunmadan qalıb, kənddə təbii qaz isə heç vaxt olmayıb (VİDEO/FOTO)

İçməli su, yol, otlaq sahələrinin və təbii qazın olmaması bir çox bələdiyyələrdə problem olaraq qalmaqdadır. Bu bələdiyyələdən biri də Tsalka rayonudur.

Marneuli rayonunun kəndlərindən heçdə fərqlənməyən Tsalka rayonun Ərcivan Sarvan (Dağ Sarvan) kəndində demək olar ki, sakinlər torpaq yollarla hərəkət edirlər, evlərin isidilməsində isə odun və kərmə kimi yanacaqlardan istifadə edirlər.

Ərcivan Sarvan sakinləri “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, illərdir ki, kənddə nə yol, nə də təbii qaz olub. Onların sözlərinə görə, digər qonşu kəndlərə yol, su, təbii qaz xətləri çəkilsə də, Ərcivan Sarvan kəndində heç bir iş görülmür.

Yerli əhali 9 km-lik yolu yarım saatdan çox vaxt sərf edərək, əsas yola çıxırlar. Əhalinin dediyinə görə, dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər və onlara bildiriblər ki, kənddə yol, təbii qaz və su xətti çəkiləcək. Amma bu günə qədər kənddə heç bir iş görülməyib.



Ərcivan Sarvan sakinlərinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır. Onlar ümid edir ki, nə vaxtsa onların kəndində də asfalt yol, təbii qaz və evlərində içməli su olacaq.

Tsalka merinin birinci müavini Anzor Xinikadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kəndə təbii qaz çəkilməsi üçün bələdiyyədə müvafiq tender artıq elan olunub və güman ki, 2021-ci ildə Ərcivan Sarvan və Tsalkanın digər 9 kəndində təbii qaz olacaq.

“Az-çox su problemi də var, amma bu əsasən yayda son üç ay ərzində yaranır. Çayın suyu mənbələrdə azalır. Bilmirəm bu qlobal istiləşməyə görə olur, yoxsa necə. Bəzi kəndlərdə sular təmiz quruyub və quyular düzəltdik. Bu kənddə hələ heç nə planlaşdırılmır, çünki su çatışmazlığı ilə bağlı söhbət bu kənddə bu il başladı. Bundan irəli gələrək bu ilin büdcəsində su ilə bağlı heç nə nəzərə alınmayıb”, – Anzor Xinikadze dedi.

Tsalka bələdiyyəsinin merinin birinci müavininin sözlərinə görə kəndə gedən yolun yalnız 3 km bələdiyyənin balansındadır, qalan 5 km isə Yol Departamentinin balansına daxildir. Xinikadzenin sözlərinə görə, Yol Departamenti 2021-ci ildə 5 km yola asfalt qatı çəkməyi planlaşdırır və bundan sonra yerli özünüidarə Ərcivan Sarvana qədər yol çəkəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print ელ. ფოსტა
FaceBook Twitter Google