Marneulidə son zamanlar Marneuli merinin müavini Kənan Ömərovun
Marneuli meri vəzifəsinə namizəd olacağı ilə bağlı söz-söhbət
dolaşmaqdadır.
Marneulili sakinlər 2021-ci ilin Bələdiyyə seçkiləri zamanı mer
vəzifəsinə Kənan Ömərovun namizəd olacağını düşünürlər. Parlamentin
Marneuli majoritar seçki dairəsindən keçmiş deputatı Ruslan Hacıyev
Kənan Ömərovun Marneuli merliyinə namizəd olacağı ilə bağlı
söz-söhbətə münasibət bildirdi. O, “Marneuli” radiosu ilə söhbəti
zamanı məsələ ilə bağlı məlumatının olmadığını bildirdi. Ömərovun
mer vəzifəsinə namizəd olacağı təqdirdə isə o, bunu alqışlayacağını
qeyd etdi.
“Mən bunu sadəcə alqışlayaram. Kənan Ömərov uzun müddət
təhsil sahəsində çalışmış bir gəncdir. Təhsil sahəsində çalışanlar
isə daha effektiv iş metodlarına sahibdirlər. Əgər belə bir şey
olarsa, mən buna pis baxmıram. Amma məlumatım
yoxdur.”
Məsələyə aydınlıq gətirmək üçün Kənan Ömərovun özü ilə də əlaqə
saxlamağa çalışdıq. Ancaq o, merin müavini təyin olunduğu gündən
“Marneuli” radiosunun zənglərinə cavab vermir.
Qeyd edək ki, Marneuli merinin müavini Kənan Ömərov buna qədər
Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri olub. O, 1 fevral
tarixindən etibarən Marneuli merinin müavini vəzifəsinə təyin
olunub.