Marneuli teatrında "Marina Revia" tamaşasının premyerası baş tutub

Bu gün, 12 may tarixində Marneuli teatrında bir illik fasilədən sonra "Marina Revia" tamaşasının premyerası baş tutub.



Tamaşa bir ailənin münasibətlərindən, yadlaşmasından, sevgidən, soyuqluğundan bəhs edir.

Rejissor Qoça Xviçianın sözlərinə görə, tamaşanın premyerası ötən ilin mart ayında baş tutmalı idi. Ancaq pandemiyaya görə premyera təxirə salındı.

"Tamaşa bir az fərqli formada təqdim olunacaq. Hər şey evdə oynanılacaq. Burada, evdə tamaşaçılar əyləşib və faktiki olaraq evin kar divarlarının funksiyasını yerinə yetirirlər", – Qoça Xviçia bildirdi.

Tamaşanın premyerasında Marneuli meriyasının nümayəndələri, Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı da iştirak edirdi. Zaur Darğallı "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, tamaşa Marneulinin yaxşı formalaşmış teatr truppası olduğunu bir daha sübut etdi.

"Sevinirəm ki, Marneuli Mədəniyyət Mərkəzində fəaliyyət göstərən yaxşı teatr truppası yaradılıb. Biz bu gün yüksək səviyyədə hazırlanmış tamaşa izlədik. Bu tamaşa üzərində pandemiyaya qədər işləyirdilər. Ancaq təqdimat keçirə bilmədilər. Çox sevinirəm ki, bu gün bu möhtəşəm tamaşanı izlədik”, – Zaur Darğallı bildirdi.

Tamaşa izləyicilər tərəfindən bəyənilib. Mariam Conelidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tamaşa bir illik fasilədən sonra bütün tamaşaçıların gözlədiyi emosiyanı qaytarıb.

"Bu qədər pauzadan sonra teatrı sevən hər kəs üçün bu emosiyalar mühüm idi. Bu emosiyaları bizim möhtəşəm aktyorlarımız, rejissor və bütün komandamız yaşatdı. Bu həqiqətən də möhtəşəm tamaşa idi. Hamıya təşəkkürümü bildirirəm", – Mariam Conelidze bildirdi.

"Mən şəxsən zövq aldım. Yəqin tamaşanı izləyən hamı belə olardı. Mənim üçün çox emosional idi. Xüsusən sonluq. İstərdim Marneulidə belə axşamlar tez-tez olsun", ؘ– Ani Nozade bildirdi.

Tamaşa 13 və 14 may tarixində saat 16:00-da da nümayiş etdiriləcək. Rejissorun sözlərinə görə, tamaşanın başlama vaxtı komendant saatından irəli gələrək müəyyən edilib ki, Tbilisidən gələn izləyicilər geri qayıda bilsin.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google