Sadaxlıda avtomobil qəzasında nənə və nəvənin qəsdən vurulduğu iddia olunur
13 oktyabr tarixində Sadaxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı Sadaxlı kənd sakini təxminən 40 yaşlarında olan qadın yolda hərəkət edən 60 yaşlı nənə və onun 13 yaşlı nəvəsini vurub. Hadisə şahidlərinin “Marneuli” radiosuna verdikləri məlumata görə, hadisə qəsdən törədilib.

Mənbədən verilən məlumata görə, hadisəni törədən qadının evində 1-2 ay əvvəl gecə yarısı tapançadan atəş açıblar. Bu isə ətrafda yaşayan qonşuları narahat edib. Nəticədə nənənin yaşadığı ailə hadisəni polisə xəbər verib. Qadın isə hadisənin polisə bildirilməsindən narahat olub. Buna görə də onun nənə və nəvəni qəsdən avtomobillə vurduğu güman olunur.

“1-2 ay bundan əvvəl həmən qadının evində atəş açmışdılar. Gecə saat 1 radələrində atəş açıblar. Həmin qadının evində nə yoldaşı, nə də oğlu yoxdur. Yoldaşından ayrılıb. Bunu da polisə şikayət ediblər. Qadının hadisəni polisə danışan ailədən incikliyi var idi ki, niyə evimdə atəş açıldığını dövlətə bildirmisiniz. Bu prinsipə görə də dünən uşağı və qadını vurub. Üç dörd gün əvvəl də 3 nəfər məhəllədə söhbət edirlərmiş, qadın maşını onların da üstünə sürüb. O insanları da qorxudub. Məhəllədə oğlanlara, kişilərə söyüşlər söyür. Qadın olduğu üçün də heç kim ona yaxınlaşmır”, – adının hallanmasını istəməyən mənbə deyir.

Onun məlumatına görə, hazırda zərərçəkən nənə və nəvə xəstəxanadan evə buraxılıb. Nənənin vəziyyəti yaxşıdır. Lakin 13 yaşlı yeniyetmənin qoluna gips qoyulub və o, psixoloji sarsıntı yaşayıb. Yeniyetmənin hələ də hadisənin təsirindən çıxa bilmədiyi bildirilir.

Polis əməkdaşları hadisəni törədən qadının avtomobilini cərimə meydançasına aparıblar. Məlumata görə, qadın məsuliyyətə cəlb olunmayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google