Gürcüstanda Aşıqlar Birliyi yaradılır. Bu barədə məlumatı
“Marneuli” radiosu ilə söhbəti zamanı aşıq Nargilə Mehdiyeva təsdiq
etdi.
Onun sözlərinə görə, bu gün, 27 yanvar tarixində Aşıqlar Birliyinin
yaradılması ilə bağlı görüş keçirilib.
O, bu gün muzeydə Aşıqlar Birliyinin yaradılması ilə bağlı 8-9
nəfərə yaxın şəxslə birlikdə müzakirələrin baş tutduğunu
bildirdi.
“Gürcüstan Aşıqlar Birliyinin yaradılması ilə bağlı bu
günə qədər qurultay gözlənilirdi. Qurultay baş tutarsa, 4-cü
qurultay olacaq. Artıq 3 dəfə möhtəşəm şəkildə qurultay keçirilib.
İndiyə qədər Gürcüstan Aşıqlar Birliyi QHT-ləri qeydə alınıblar.
Lakin heç bir yeri-yurdu olmayan Gürcüstan Aşıqlar Birliyi olub QHT
olaraq. Biz çalışırıq ki, Gürcüstan Aşıqlar Birliyini Gürcüstan
səviyyəsində yaradaq. Gürcüstan Mədəniyyət Nazirliyi bizə dəstək
olsun. Söz veriblər ki, bizə köməklərini əsirgəməyəcəklər, amma
şərtlər bundan ibarətdir ki, Gürcüstanda yetəri qədər aşıq varmı?!
Əgər bu aşıqların birliyi varsa, birdirlərsə, biz bilirik ki,
Gürcüstanda 200-ə yaxın aşıq var. Bu aşıqların tam tanınması üçün,
bir olmaları üçün Gürcüstan Aşıqlar Birliyi yaranmalıdır, dövlət
səviyyəsində. Biz bu dəfə çalışırıq ki, sazımız, sözümüz, aşıq
sənətimiz Yuneskoda yer alıbsa, Yunesko bunu qəbul edibsə,
Gürcüstan dövlətinin də buna yol verməsinə inanır və
güvənirik.”
Mehdiyevanın sözlərinə görə, Azərbaycanın Gürcüstandakı fövqəladə
və səlahiyyətli səfiri Faiq Quliyev də məsələ ilə yaxından
maraqlanır və birliyin yaradılmasında onlara kömək edir. O, bugünkü
görüşdə səfirliyin onlara necə dəstək olacaqları barədə də söhbət
açdıqlarını vurğuladı.
Nargilə Mehdiyeva Aşıqlar Birliyinin yaradılması fikrinin alqışa
layiq olduğunu dedi.
“Gürcüstan, Borçalı bizim “Aşıqlar Yurdu” adlanır.
Bizim nənələrimizin körpələrimizə laylaları da aşıq havalarından
qurulub. Mən bir aşıq olaraq bütün xarici ölkələri, bütün türk
dünyasını gəzdiyim zaman mənə sual verirlər ki, – Gürcüstan, aşıq
sənətinin belə zəngin olduğu bir yerdə nəyə görə aşıqlar birliyi
yoxdur, olmasın?! Bu olsa da, nəyə görə qeyri dövlət təşkilatı
olsun. Buna nəyə görə gücünüz çatmır?! Bu niyə yaranmır?! Bu kimi
çox suallara biz cavab verməli oluruq. Amma bəzən də cavab verə
bilmirik. Mən aşıq olaraq özüm də bilmirəm ki, nəyə görə bu birlik
yaradılmır. Elə bir sədr olmalıdır ki, gürcü dilini yaxşı bilsin,
Gürcüstanda fəal şəkildə öz fəaliyyətini, adını, işini təqdim edə
bilsin. Çox fəal olmalıdır ki, Gürcüstan Aşıqlar Birliyini ilk
olaraq yaratsın və daha sonra yaşatsın. Gürcüstanda Gürcüstan
aşıqları 2-3 nəfərdirsə, buna ehtiyac yoxdur. Əgər Gürcüstanda
bizim 200 nəfərə qədər aşıqlarımız varsa, bunun 5-6-sı tanınır,
başqaları tanınmırsa, biz burada günahkarıq. Mən özümü günahkar
hesab edirəm ki, niyə aşıq Nargilə tanınsın?! Başqa bir neçəsi
tanınsın?! Bizim gənc aşıqlarımız, ustad aşıqlarımız var, onlar da
tanınmalıdır!”
Nargilə Mehdiyeva bildirdi ki, gələn həftənin şənbə günü Tbilisidə,
Aşıqlar Birliyinin yaradılması ilə bağlı son görüş baş tutacaq.
Görüşdə təşkilatın sədri və nümayəndələr iştirak edəcəklər. O,
rəsmi şəkildə məlumatların toplanacağını və Gürcüstan Mədəniyyət
Nazirliyinə təqdim olunacağını dedi.