2021-ci ildə dini xidmətinə görə, 305 nəfər Marneuli sakininin hərbi xidmətə çağırılması təxirə salınıb
2021-ci il ərzində Marneuli bələdiyyəsinin hərbi xidmətə çağırış komissiyası 1968 nəfərə çağırış vərəqəsi göndərib.

"Marneuli" radiosunun Marneuli meriyasının Hərbi Qeydiyyat, Çağırış və Səfərbərlik Xidmətindən əldə etdiyi məlumata görə, 2021-ci ildə çağırılan şəxslərdən 1849 nəfəri komissiyaya gəlib. Onlardan 227 nəfəri hərbi xidmətdədir. Qalan 1622 nəfər isə hərbi xidmətdən azad edilib və ya çağırış vaxtı təxirə salınıb.

2021-ci il ərzində cəmi 23 nəfər hərbi xidmətdən azad edilib. Hərbi öhdəlik və hərbi xidmət barədə Gürcüstan qanununa görə, hərbi xidmətə çağırışdan sağlamlıq vəziyyətinə görə, hərbi xidmət üçün yararsız olan şəxslər azad olunur. Həmçinin, başqa ölkənin hərbi qüvvələrində xidmət göstərmiş, ağır və ya xüsusi ağır cinayətə görə məhkum olunmuş, qeyri-hərbi, alternativ əmək xidməti göstərmiş və ailə üzvlərindən bir nəfərin belə Gürcüstan ərazi bütövlüyü uğrunda müharibədə, yaxud hərbi xidmətdə olan zaman həlak olmuş, ailədə tək oğul övlad olan şəxslər də hərbi xidmətdən azad edilirlər.

Ötən il 1582 nəfər Marneulilinin hərbi xidmətə çağırışı təxirə salınıb. Ən çox təxirə salınma tələbələrə görə baş verib.
  • Dini xidmətə görə, 2021-ci ildə 305 nəfər Marneulilinin hərbi xidmətə çağırışının vaxtı dəyişdirilib.
  • Hərbi xidmət üçün məhdud hesab edilənlərin sayı 183 nəfərdir.
  • Sağlamlıq vəziyyətinə görə 83 nəfərin hərbi xidmətə çağırışı bir illik təxirə salınıb.
  • 97 nəfər ümumtəhsil müəsisələrinin 20 yaşa qədər olan şagirdləri idi.
  • 65 nəfərin hərbi xidmətə çağırışı bir övladı olduğuna görə, uşağın dünyaya gəlməsindən üç il ərzində təxirə salınıb.
  • 54 nəfər təxirə salınma üçün pul ödəyib və bu dəyər 2000 lari təşkil edir.
  • Ananın tək övladı olduğuna görə, 31 nəfərin hərbi çağırışını təxirə salıblar.
  • İki və ya daha çox övladı olduğuna görə, 25 nəfərin, peşə təhsili aldığına görə isə 10 nəfər tələbənin çağırışı təxirə salınıb.
  • Kənddə müəllim və ya həkim işlədiyinə görə bir nəfər Marneulilinin hərbi xidməti təxirə salınıb.
Qeyd edək ki, 2021-ci il ərzində Marneuli Hərbi Qeydiyyat, Çağırış və Səfərbərlik Xidməti 111 nəfərin işini məhkəməyə verib və onlardan 31 cərimələnib. Hərbi xidmətə çağırış ildə iki dəfə, yaz və payızda baş verir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google