Tbilisidə yerləşən dövlət universitetlərində yeni tədris ilinin
auditoriyalarda başlayacağı gözlənilir.
Bu səbəbdən də paytaxta uzaq olan regionlardan gələn tələbələr
məcburiyyət qarşısında qalaraq Tbilisidə kirayə ev tutmalı olurlar.
Paytaxtda kirayə ev axtarışında olan Marneulili tələbələrin də sayı
az deyil.
Tələbələrin əksəriyyəti düşünür ki, Ukraynaya hücumdan sonra
Rusiyaya tətbiq edilmiş sanksiyalar şəraitində Gürcüstana gəlmiş
rus turistlərin artmasına görə evlərin kirayə qiyməti artıb. Hətta
ev sahiblərinin evi lari deyil, dollarla kirayə verdiyini deyənlər
də var.
Tələbələrin sözlərinə görə, kirayə
evlərin qiyməti əvvəlki illə
müqayisədə ikiqat artıb.
“Çox çətinlik çəkirik. İki aydır ki, kirayə gəzirik. O
yer qalmadı ki, baş çəkməyək. Bu gün ev tuturduq. Sabah daha artıq
qiymət verən olurdu və ev sahibi evi həmin şəxsə verməli olurdu. Ən
ucuz ev 750-800 laridir. Keçən il bu qiymət 350-400 idi. Bu bir
həftə ərzində bir az qiymətdə azalma müşahidə olunur. Qiymətin
artmasında iki səbəb görürəm. Artıq hamı kirayə evləri tutub.
İkinci səbəb isə turistlərin Gürcüstana axın etməsində
görürəm.”
Kirayə axtaran tələbələrdən birinin sözlərinə görə, bu günə qədər 8
evə zəng vurublar. Lakin heç birindən müsbət cavab ala bilməyiblər.
O, deyir ki, nisbətən normal qiymətə ev tapanda isə həmin ev həm
dövlət universitetlərinə, həm də metroya uzaq məsafədə
yerləşir.
Onların sözlərinə görə, son günlərdə ev sahibləri evlərini Rusiya
və Ukrayna vətəndaşlarına kirayələməyə daha çox üstünlük verirlər.
Səbəb isə onların daha artıq ödəniş etməsidir.
“Azərbaycanlı olduğumuzu eşidib ya evi başqasına verdilər, ya da
telefona cavab vermədilər. Bir ev sahibinin bəhanəsi isə o idi ki,
mən qadınlara ev vermirəm. 3-4 ay əvvəl 400 lariyə olan 1 otaqlı
evlər hazırda 600-700 lari olub. Heç cür ev tapa bilmirik.
Tbilisinin girəcəyində zorla bir ev tapmışdıq. Hansı ki, həmin ev o
pula dəymirdi. Qiyməti iki qat artırıblar. Ayın sonlarında
universitetlər açılır, amma hələ də tələbələr ev tapa bilməyiblər.
Deyirlər ki, Ukraynadan qaçqınlar gələcək. Ev sahibləri də evlərini
onlara saxlayırlar ki, daha baha qiymətə verə bilsinlər. Kasıbçılıq
baş alıb gedir biz indiki vaxtda nə edə
bilərik?!”
“Gürcüstan vətəndaşlarından daha çox Rusiya və Ukrayna
vətəndaşlarına üstünlük verilir. Ukraynalıları başa düşürük, bəs
rusları necə?!”
“Artıq bir aydır ki, ev axtarıram, amma tapa
bilmirəm.”
“20 gündür ev axtarırıq. Amma tapmaq mümkün deyil.
Evlər əvvəlkinə baxanda 60-70% bahalanıb. Ən əsası da maksimum
iki-üç nəfərə verirlər. 4-5 nəfər deyəndə hamısı dəliyə dönür.
Fikirləşən yoxdur ki, tələbəyik və adam başı bir evə 400-500 lari
verə bilmərik. Bizim bundan başqa xərclərimiz də var və ailələrimiz
üçün də çətindir. Elə ailə var, iki-üç uşağı təhsil alır. Və
həqiqətən çarəsiz qalmışıq. Nə edək,
bilmirik.”
Qeyd edək ki, Tbilisi Dövlət Universitetinin tələbələrinin bir
qismi may-aprel aylarında tədris prosesinin bütövlükdə auditoriyada
keçirilməsinə etiraz edir və 2021-2022-ci tədris ili bitənə qədər
təhsilin hibrid modelə keçirilməsini tələb edirdilər. Xatırladaq
ki, tələbələr aksiyanı paytaxtda kirayə evlərin qiymətlərinin
artmasına görə keçirirdilər.
Məlumat üçün bildirək ki, bu il Azərbaycan dilində ümumi qabiliyyət
imtahanından 1 207 nəfər minimal keçid balını toplaya bilib.
Minimal keçid balını toplayan abituriyentlərdən 981 nəfəri
universitetə qəbul olub.