16 noyabr tarixində Dmanisi bələdiyyəsində yaşayan etnik
azərbaycanlı gənclər Dmanisi yerli özünüidarəsinə müraciət
ünvanlayıblar.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Salam”ın
təsisçilərindən Rabil İsmayıl məlumat verdi.
Onun sözlərinə görə, 2021-ci ildən etibarən ilk olaraq Marneulidə
başladıqları layihəni bu il artıq Dmanisi və Bolnisi
bələdiyyələrində də davam etdirirlər. Layihə çərçivəsində sakinləri
narahat edən problemlərlə maraqlanır və apardıqları araşdırmaların
nəticələrini və bələdiyyələrdə yaşanan problemləri rəsmi şəkildə
yerli özünüidarəyə təqdim edirlər.
“Bizim bir layihəmiz var, paralel olaraq Dmanisi,
Bolnisi və Marneulidə həyata keçirilir. Araşdırmalar və təşviqatdan
ibarətdir. Bunun bir hissəsi də odur ki, petisiyalar imzaladaq,
ərizələr yazaq. Dmanisidə apardığımız araşdırmada iki tələb var idi
və gənclərlə düşündük ki, bunu büdcə layihəsi şəklində gənclər
adından təqdim etsək, daha yaxşı olar. Birincisi uşaq bağçaları
problemidir. Uşaq bağçaları ümumiyyətlə azərbaycanlıların yaşadığı
kəndlərində yoxdur. Gənclərin verdiyi büdcə təşəbbüsü isə 4 icmada
uşaq bağçasının tikilməsini nəzərdə tutur. Bunlar Yırğançay,
Hamamlı, Qarabulaq və Oruzman kəndləridir. Biz düşündük ki, ən
yaxın tarixlərdə uşaq bağçalarının tikintisinə başlanılmalıdır.
Düşünürük ki, eyni zamanda bələdiyyədə etnik azlıqların dilində
xidmət olsun, ərizələrin tərcüməsi olsun, qanunların, saytların
tərcümələri olsun və s. Buna isə Dmanisinin ayrı-ayrı kəndlərindən
olan 10 nəfər gənc imza atdı”.
Rabil İsmayıl deyir ki, həyata keçirdikləri layihə çərçivəsində bir
çox yeniliklər edib, mer və nümayəndələri ilə görüşlər keçiriblər.
Onun sözlərinə görə, keçirdikləri görüş nəticəsində araşdırmaların
nəticələrini bələdiyyə başçılarına təqdim edib, onları
məlumatlandırıblar.
“Bizim layihəmiz 2021-ci ildən Marneulidə seçkilər
zamanı araşdırma, debatlar, verilişlər hazırlamaqla başladı. Daha
sonra 2022-ci ildə layihəmizi böyütdük və Dmanisi, Bolnisiyə
keçdik. 2022-ci ildə 3 bələdiyyənin hər birində merlərlə qapalı
formada görüş keçirdik. Dmanisidə mer və merin müavinləri və digər
şəxslərlə görüşdük, araşdırmalarımızla bağlı məlumat verdik. Bəzən
bağçalar problemini gündəmə gətirəndə deyirlər ki, büdcə problemi
var. Yaxud deyirlər bizə müraciət edən olmayıb, ona görə də
çalışırıq ki, rəsmi şəkildə ərizə ilə müraciət edək. Bolnisinin
Darvaz kəndində bağça tikiləcəyi ilə bağlı müsbət cavab aldıq.
Lazım olanda qəbul edirlər. Əvvəllər deyirdilər – yox, nə problem
var ki?! – Amma indi problemin olduğunu qəbul
edirlər”.
Məlumat üçün bildirək ki, 15 noyabr tarixində Bolnisidən olan mülki
fəallar 652 sakinə petisiya imzaladaraq Darvaz kəndində bağça
tikilməsi tələbi ilə yerli özünüidarəyə müraciət ünvanlamışdılar.
Yerli özünüidarə isə 17 noyabr tarixində rəsmi “Facebook”
səhifəsində paylaşım etmişdi. Bələdiyyənin paylaşımında siyahıda
Darvaz kəndində bağçanın tikiləcəyi də qeyd olunmuşdu.