Ailəsini ölkəsində dolandırmağa çalışanlar gedir kredit götürür – Marneulidə sorğu (VİDEO)
Gürcüstan Milli Bankının məlumatına görə, ölkədə 574 700 vətəndaş bir aydan artıq müddətdir ki, banka kreditlərini ödəyə bilmirlər.

Marneulidə də Gürcüstanın başqa regionlarında olduğu kimi kredit götürənlərin sayı az deyil. İnsanlar müxtəlif ehtiyaclarını qarşılamaq və ya təsərrüfat işləri ilə məşğul olmaq üçün banklara üz tutur və kredit götürürlər.

Marneulililərin kreditləri vaxtı-vaxtında ödəyə bilib-bilmədikləri və hansı səbəbdən kredit götürdükəri ilə bağlı sakinlər arasında sorğu keçirdik.

Sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, kredit götürən insanların əksəriyyəti borcu olan işsiz insanladır. Onlar düşünürlər ki, insanlar digər borclarını ödəmək üçün banka borclanırlar. İş olmadığına görə kreditlərini ödəməkdə çətinlik çəkir, daha sonra isə əlavə faiz ödəməyə məcbur olurlar.



“İş yerimiz, maaşımız yoxdur. Ona görə də çox adam krediti ödəyə bilmir. Nə əkirik, o da qiymətə getmir. Bazara, məsələn, 5 karobka pomidor aparırsan, 10 lari pul istəyirlər”.

“Ölkədə təmiz işsizlikdir, cavanların hamısı ölkədən çıxıb. İşsizlik baş alıb gedir. Krediti çox insan borca götürür. Bankdan götürür, borcunu qaytarır. İşsizlik baş alıb, ondan irəli gəlir. Böyük məbləğləri demirəm, 3000-5000 götürənlərin hamısı borcu götürüb borc verir. Borcu borcla qaytarır. Bu da işsizliyin ucbatındandır. Bu dəqiqə Gürcüstanın yarısı banklara işləyir. Ölkədə iş yoxdur, oradan-buradan qazanıb gətirirlər, amma bu da çatmır, yenə banka gedir”.

“Həddən artıq işsizlikdir. Hamı qazanmaq və dolanmaq istəyir. Xarici ölkəyə getməyib ailəsini ölkəsində dolandırmağa çalışanlar gedir kredit götürür. Kredit verənlər də elə yolla çağırıb, şirnikdirirlər. Sonra da həmin havanı dəyişdirirlər. Vaxtı keçəndən sonra da başlayırlar üstünə yazıb artırmağa. Hamı istəyir iş əldə etsin. Güclü olsun, bu binalardan ev alsın. Deyir, gedim kredit götürüm. Kredit baqnklarda ki, çəpər çəkiblər. Heç kmin sözü heç yerdə keçmir”.


“Ödəyəmmirəm ki, pandemiya vaxtı dedilər - ödəsən də olar, ödəməsən də. Pandemiyadan sonra gətirdim, dedilər ki, üstünə faiz gəlib. 50%-lə tutdular, hələ də qurtara bilməmişəm. Mənim kimisi götürüb torpağa verir, torpaq da quraqlıq olur, məhsul yetişmir, olur belə, ödəyə bilmir, qalır borcda. İşsizliyə görədir, pensiya alıram, pensiya ilə də ödəmək olmur”.

Qeyd edək ki, Milli Bankın məlumatına görə, vaxtı keçmiş bütün kreditlərdən 312 900 vətəndaş banklara, 93 900 nəfəri mikromaliyyə təşkilatlarına, 280 900 vətəndaşın lombardlara, 6 900 nəfəri isə lizinq təşkilatlarına borcludur. Bildirilib ki, cəmi 574,7 min vətəndaş ümumi məbləği 4,4 milyon lari (təxminən, 1,7 milyon dollar) olan 1,1 milyon krediti qaytara bilmir.

Xatırladaq ki, 2018-ci ilin noyabrında Gürcüstanın o vaxtkı Baş naziri Mamuka Baxtadze 600 mindən çox vətəndaşın 570 milyon dollarlıq kretidini ödənilməsi haqqında qərar qəbul etmişdi.



Print ელ. ფოსტა
თეგები: bank Borc kredit Marneuli pul
FaceBook Twitter Google