Hüquq-mühafizə orqan nümayəndələrinin küçədə vətəndaşları
saxlama halları tez-tez baş verir.
Onlardan ad və soyadlarını soruşur, şəxsiyyət vəsiqəsini tələb
edirlər, fotosunu çəkir, qanuna zidd olan əşyalarının olub
olmamasını yoxlayırlar. Müəyyən hallarda vətəndaşların küçədə
saxlanıldığı halda, hüquq-mühafizə orqanları ilə münasibət zamanı
hansı hüquqlarının olub olmadığını haqqında məlumatı olmur.
“Marneuli” radiosu Daxili İşlər nazirinin keçmiş müavini Natia
Mezvrişvili ilə müsahibə yazıb. Biz ondan hüquq-mühafizə orqanı
nümayəndələrinin vətəndaşları küçədə saxladığı zaman hansı
hüquq-öhdəliklərinin olduğunu soruşduq.
“Vətəndaşlar əksər hallarda sual verirlər ki, polisin
onları belə, heç bir səbəb olmadan saxlamaq və məsələn, üzərinə
baxış keçirmək, müşahidə etmək hüququ varmı. Ümumiyyətlə polis
haqda Gürcüstan qanunu ilə polisin vətəndaşı saxlamaq hüququ
var” – Natia Mezvrişvili bildirdi.
Polis küçədə vətəndaşı saxladığı zaman necə hərəkət etməlidir?
“Polisin vətəndaşa onu niyə saxladığını izah etməsi
mühümdür. Öz kimliyini qeyd etməlidir, bəzən bunu etmirlər. Əgər
polis bunu etmirsə demək o, öz səlahiyyətlərini müvafiq şəkildə
yerinə yetirməyib. Yəni, polis vətəndaşa öz kimliyini izah etmək
öhdəliyi daşıyır. Nə ilə əlaqədar, məsələn, sorğu, istintaq
fəaliyyətində iştirak etmək məqsədi ilə saxladığını bildirməlidir.
Hər halda, qanunla nəzərdə tutulmuş hər hansı əsasla saxlasa da
vətəndaşa açıqlamaq onun öhdəliyidir”.
Daxili İşlər nazirinin keçmiş müavini eləcə də vətəndaşı küçədə
saxlayan zamanı polisin vətəndaş üzərində baxış keçirmək
hallarından da danışdı.
“Şəxs üzərində axtarış etmək və şəxsi yoxlamanın öz
əsası var. Misal üçün, əgər şəxsin cinayət törətdiyi və ya cinayət
əşyası, məsələn, qanunsuz olaraq odlu silah daşıdığı ehtimalı
varsa, bu fərziyyə təsdiqlənməyibsə, vətəndaşın üzərinə əsassız
baxış keçirmək olmaz. Ona görə polisin müvafiq əsası, konkret
sübutları olmalıdır. Başqa şəkildə, vətəndaşın üzərinə baxış
keçirmək, onun şəklini çəkmək və s. həmin adamın hüquqlarının
pozulması deməkdir. Qanun polisə bu hüququ vermir, amma ən əsası
odur ki, qanun dəqiq yerinə yetirilməlidir”.
Hüquq-mühafizə orqan nümayəndələrinin də küçədə saxlanılan şəxsin
şəklini çəkmək hüququ var. Amma şəkil çəkmək üçün polisin müvafiq
hüquqi əsası olmalıdır.
“Şəkil çəkmək üçün də səbəb lazımdır və qanunda birbaşa
yazılıb ki, şübhə olmalıdır. Yəni, əgər polis şəxsin kimliyini
müəyyən etmirsə və bu vətəndaşın qaydanı pozub, cinayət törətməsi
şübhəsi varsa polis bunu edə bilər. Ancaq əgər identifikasiya üçün
başqa vasitələr varsa, şəxsiyyət vəsiqəsini təqdim edəcəksən, buna
ehtiyac qalmaz. Bizim şübhələrimiz yarana bilər ki, polis şəkili
başqa qeyri-qanuni məqsədlər üçün çəkir. Detalların böyük
əhəmiyyəti var. Ümumiyyətlə, qanunda foto çəkməklə bağlı məsələ
qeyri-müəyyəndir və əgər polis vicdansızdırsa, onun qanunu pozacağı
və sui istifadə edəcəyi gözləntisi yüksəkdir. Ona görə, qanunun həm
də proqnozlaşdırıla bilən olması və bu qeyri-müəyyənliyin aradan
qaldırılması çox mühümdür. Polisin nə zaman, hansı hüququnun olması
təfərrüatlı şəkildə yazılmalıdır”.
Gürcüstan Daxili İşlər nazirinin keçmiş müavini hüquq-mühafizə
müəssisələri ilə münasibəti zamanı vətəndaşların hüquq və
öhdəlikləri haqqında da danışdı.
“Vətəndaşların başa düşməsi üçün demək istəyirəm ki,
hər belə halda, polis sizi dayandıranda, şəklinizi çəkəndə,
polisdən səbəb, protokol tələb etməlidir. Çünki qanunla polisin
protokol tərtib etmək hüququ var. Vətəndaşın protokolu tələb etmək
haqqı var və orada saxlanılma, şəkil çəkilmə və polisə aparılma
səbəbi qeyd olunmalıdır”.
Polis əməkdaşının tələbi ilə vətəndaş özünü tanıtmağa
məcburdurmu?
“Vətəndaş, ümumiyyətlə, polisin qanunu tələbinə tabe
olmağa məcburdur. Əlbəttə, yaxşı və pis polislər var. Biz məsələyə
belə yanaşmalı deyilik ki, polisin yalnız öhdəlikləri var və
hüquqları yoxdur. Analoji olaraq vətəndaşların da hüquq və
öhdəlikləri olur. Vətəndaş polisin qanunu tələbinə tabe olmağa
məcburdur. Ona kimliyini bildirməli və müqavimət göstərməməlidir.
Bir daha qanuni tələblə bağlı deyirəm, çünki qanunda bu birbaşa
yazılıb ki, polisin qanuni tələbinə tabe olmalıdır. Vətəndaş onu
təhqir etməməlidir, bunun üçün həvəsləndirmək yolverilməzdir.
Fiziki təhqir etməməlidir, buna həvəsləndirmək yolverilməzdir. Əgər
bizim hüquqi dövlətə, qanunun aliliyinə etirazımız varsa, hər
birimiz öz payımıza düşəni yerinə yetirməliyik” -
Natia Mezvişvili bildirdi.
Polislər tərəfindən səlahiyyətdən sui istifadə etmək, inzibati və
ya cinayət törətmə halında vətəndaş müvafiq xidmətlə əlaqə saxlaya,
faktların araşdırılmasını, qanuni cəzalandırılmasını tələb edə
bilər.
Əgər polis nizam-intizamı pozursa vətəndaş Baş Müfəttişliyin qaynar
xəttinə - 126-ya zəng vura bilər.
Əgər polis cinayət törədirsə, əgər bu vəzifəsini yerinə yetirən
zaman edilən cinayətdirsə, vətəndaş xüsusi istintaq xidmətinin
qaynar xəttinə - 119-a zəng vurmalıdır.
Diskriminativ ifadələr və yanaşma hallarında, əgər o, cinayət
əlamətləri daşıyarsa, vətəndaş Prokurorluğa müraciət edə bilər.
Əgər hərəkət inzibati və ya nizam-intizamın pozulmasınə əhatə
edirsə vətəndaş DİN-nin Baş Müfəttişliyinə müraciət etməlidir.
Diskriminasiya halları ilə bağlı vətəndaş Gürcüstan Xalq
Müdafiəçisi Aparatına və Daxili İşlər Nazirliyinin İnsan
Hüquqlarının Müdafiəsi Departamentinə müraciət edə bilər.