Şulaveri kənd sakini Yura Qumaşyan bu il Marneuli miqyasında
məktəbi bitirən 1318 şagirddən biridir. Yuranın məktəbində də "Son
zəng" çalınıb: məktəbdə şənlik, sinif yoldaşları tərəfindən yazılan
ağ köynəklər və paytaxtda ənənəvi gəzinti.
"Son zəng çalındı və məqsədim Vahid Milli İmtahanları
verməkdir. Hələ haraya qəbul olacağımla bağlı 100% qərar
verməmişəm. Ancaq dəqiq bilirəm ki, təhsil istiqamətində getmək
istəyirəm. Çünki bizim vətənimizdə, bizim regionda xüsusilə təhsil
problemi olduğunu görürəm. Biz 9-cu sinifdən gələcək ixtisasımız
haqqında fikirləşməyə başlayırıq. Ancaq əksər məktəblərdə nə
istədiklərini bilmirlər, hansı ixtisaslar var. Kim nə etməlidir?
Mən də hələ müəyyənləşdirmə dövründəyəm. 1+4 proqramından
yararlanmaq imkanım var deyə düşünürəm ki, gürcü dili intensiv
kursları zamanı hansı istiqamətə gedəcəyimi daha yaxşı başa
düşəcəyəm".
Yura məktəbdən kənar təlimlərə getdiyi zaman gürcü dilini daha
həvəslə öyrənməyə başlayıb. Gürcü dilini öyrənmək motivasiyası
qeyri-formal təhsildən yaranıb.
"Səninlə gürcü dilində danışırlar, izah edirlər və sən
cavab verə bilmirsən. Bu çox pis hissdir. Sən izah ediləni 100%
başa düşmürsən. Bundan sonra gürcü dilini öyrənməyə başladım. Mən
elə kənddə yaşayıram ki, gürcüdilli şəxslərlə ünsiyyət qurmaq
mümkündür və fəal olaraq ünsiyyətə başladım. Davamlı şəkildə
təlimlərə qeydiyyatdan keçirdim və iştirak edirdim. Dövlət dilini
bilmək açardır. Erməni, azərbaycan dilində məlumat yayımlanır.
Ancaq Gürcüstanda yaşayırsansa, dil bilmək vacibdir. Kəndlərdə
tələb var amma hamının öyrənməsi üçün resurs
yoxdur".
Yura Qumaşyanın məqsədi Gürcüstanda etnik azlıqlara qarşı olan
stereotipləri qırmaqdır. 17 yaşlı gənc deyir ki, paytaxtda,
Avropada təhsil almaq istəyir. Ancaq başqa gənclərin təhsil
səviyyəsini yaxşılaşdırmaq üçün mütləq icmaya geri qayıtmaq
istəyir.
"Mənim ailəmdə heç vaxt, məsələn, Ermənistana
getməliyəm kimi söhbətlər olmayıb. Bəli, o ölkə mənim tarixi
vətənimdir. Ancaq heç vaxt mənim evimdə gələcəyimin Gürcüstanla
əlaqədar olmaması kimi söhbətlər olmayıb. Həmişə düşünürdüm və indi
də düşünürəm ki, hara qəbul olsam da, öz ölkəmin, öz kəndimin,
icmamın vəziyyətini yaxşılaşdırmalıyam. Dəqiq bilirəm ki, qəbul
olun Tbilisidə təhsil alacağam, mütləq xaricə də gedəcəyəm.
Öyrəndiyim hər şeyi qayıdıb öz kəndimlə bölüşmək istəyirəm. Əsas
etnik azlıqlarla bağlı olan stereotipi qırmaq istəyirəm ki, erməni
və ya azərbaycanlısansa, deməli Gürcüstanda gələcəyin
yoxdur".
Ana-Maria Şubitidze Marneuli bələdiyyəsinin Saimerlo kənd məktəbini
bitirib. 17 yaşlı gənc hələ uşaq bağçasından hansı peşəni
istədiyini fikirləşib və 12 il bu məqsəd üçün hazırlaşıb.
"Məqsədim var. Həyatda nə istədiyimi bilirəm və
məktəbdən əldə etdiyim bilikdən nə istədiyimi dəqiq bilirəm. Mənim
seçdiyim ixtisas tibblə bağlıdır. Bu ideya uşaq bağçasından gəlir.
Tamaşada həkim rolu oynayırdım və bu ideya, istək orada yarandı.
Mənim üçün həkim rolunda olmaq çox maraqlı idi. İnsanlara yardım
etməyi, dəstək olmağı çox sevirəm".
Ana-Maria hesab edir ki, məktəb ona universitetə qəbul olmaq üçün
hər şey verib.
"Məktəb ilk növbədə mənə insani xüsusiyyətlər verdi.
Məktəbdə sevgi, dəstək, anlayış öyrəndim. Bu insani xüsusiyyətlərlə
məktəbdə biologiya, kimya kimi fənləri sevdim. İlk növbədə qeyd
edim ki, milli imtahanları vermək fərqli , vunderkind olmaq deyil.
Milli imtahanlar sənə uyğunlaşmalı olduğun çərçivəni verir və bu
proqram məktəbdə öyrənilir. Əlbəttə mən təkcə məktəbə arxalanmadım
və repetitor yanına da gedirdim, hələ də gedirəm. Repetitorlar
köməkçi qüvvələrdir. Fərdi proqram 30 uşağa bölünəcək məlumatdan
daha üstündür".
- Gələcək həkim kimi səhiyyə sistemində nəyi
bəyənmirsən?
"Düşünürəm ki, indiki həkimlər daha çox rahatdırlar. Öz işlərindən
beziblər. İlk başlanğıcda olduğu kimi enerjili deyillər. Mən bu
yanaşmanı dəyişəcəyəm. Çalışaçağam, gülümsəyim və pozitiv həkim
olum. Bizim ölkədə işləyən həkimlər əsasən rus dilində danışırlar.
Ədəbiyyat da əsasən rus dilindən tərcümə olunub. Gürcüstanda
kifayət qədər tibb ədəbiyyatı yoxdur. Rus dilindən pis tərcümə
olunub. Mənasız terminologiyalar var. Mən şəxsən xaricdə ingilis
dilində təhsil almağı da planlaşdırıram. Ancaq bunu bir şərtlə
edəcəyəm ki, orada təhsil alıb işləmək üçün Gürcüstana qayıdacağam.
Öz ölkəmdə işləmək istəyirəm. Əlbəttə Marneulidə işləmək
istəyərdim. Çünki ixtisas seçimimdə mənbə mənim icmam, qohumlarım,
qonşularım var idi. Əlbəttə böyük şəhərdə işləmək zövq vericidir.
Ancaq mən bilik və təcrübəmi Marneulidə bölüşməyə
çalışacağam".
Səidə Abdullayeva da həkimlik arzusundadır. Səidə Marneuli
bələdiyyəsinin Kirəç-Muğanlı kənd məktəbini bitirib. 17 yaşlı qız
ümid edir ki, Tibb Universitetinə qəbul ola biləcək. Ancaq onun
üçün dövlət dilini bilmək səviyyəsi müəyyən qədər baryerdir.
""Məktəb illəri həyatımın ən gözəl illəridir. İlk dəfə məktəbə
getdiyim o günəşli günü yaxşı xatırlayıram. İllər necə də tez
keçdi. Həqiqətən də məktəb illəri tez başa çatdı. Mən bu illər
ərzində çox şeylər öyrəndim. Məktəb mənə çox bilik verdi. Sevinirəm
ki, arzularımı gerçəyə çevirəcəyim vaxt gəldi. Bu çox həyəcanlı
imiş".
Həkimlik Səidə üçün öz üzərində işləməyə stimuldur.
"Çətinliklərə hazıram və bu məni qorxutmur. İnanıram
ki, uğur üçün bəzi problemləri aşmalı olacağam. Gürcü dilini
müəyyən səviyyədə bilirəm. Universitetə yaxşı hazırlaşacağam, yaxşı
oxuyacağam və inanıram ki, gürcü dili səviyyəmi də
yaxşılaşdıracağam. Qəbul olacağıma inanıram".
Marneulidə ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. Bu il
1318 şagird üçün son zəng çalınıb.