Bu gün, 26 may tarixində Gürcüstanda Müstəqillik Günü qeyd olunur.
Marneulidə də başqa bələdiyyələr kimi Müstəqillik Günü ilə bağlı
tədbir keçirilir. Tədbir "Yenə də böyüyəcəklər" abidəsinin
ərazisindəki parkda saat 14:00-da başlayıb.
Yerli özünüidarə nümayəndələri və deputatlar Marneulilərə müraciət
ediblər. Marneuli meri Kənan Ömərovun sözlərinə görə, bu gün
Gürcüstanın hər bir vətəndaşı üçün mühüm tarixdir.
"Əziz Marneulilər, sizi salamlayıram. Qonaqlarımızı,
gəncləri, ağsaqqalları salamlayıram. Sevinirəm ki, bu gün ənənəvi
və belə genişmiqyaslı şəkildə 26 mayı qeyd edirik. Gürcüstanın hər
bir vətəndaşı üçün bu gün mühümdür. Məhz bunun üçün bizim hökumət
administrasiyasına, Barışıq naziri aparatına minnətdarlığımı
bildirirəm. Hamını bu gün münasibəti ilə təbrik edirəm. Sizə
sağlamlıq, sevgi və sülh arzu edirəm", – Kənan Ömərov
dedi.
Marneulidə 26 may konserti yerli sənətçilərin ifaları ilə qeyd
olunub: "İberia" ansamblı, "Enquri" ansamblı, Şaban Məmmədov, "Era"
ansamblı, "Sarvan" ansamblı, vokal studiyası, Mariam Çoxonelidze,
"Hucabi" müğənnilər qrupu, saz dərnəyi, Kristi Cavaxidze;
Eləcə də Marneulililər qarşısında Temur Kvitelaşvili, Eka Kaxiani,
Nini Baduraşvili, Kristine İmetadze, Tako Qaçeçiladze səhnəyə
çıxacaqlar.
Qeyd edək ki, 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası
dövlət müstəqillik aktını qəbul edib. Noe Jordaniyanın rəhbərliyi
ilə ilk demokratik respublika Sovet İttifaqı tərəfindən işğal
olunana qədər – iki il ərzində mövcud idi. Həmin dövrdə Gürcüstan
müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb.
Müstəqillik 70 ildən sonra – 1991-ci ildə 9 aprel tarixində bərpa
olunub.