Marneulidə tıxacın yaranmasının səbəbi və çıxış yolu nədir? – SORĞU
17:14 / 03.09.2024
Gündəlik olaraq nəqliyyat vasitələrindən istifadə edən hər kəsin
əsas problemlərindən biri də tıxaclardır.
Xüsusən pik saatlarda daha çox müşahidə olunan tıxacların
yaranmasına bir yox, əslində bir neçə səbəb zəmin yaradır.
Daha çox Marneulinin mərkəzi küçəsində müşahidə olunan vəziyyətə
görə gecikmə halları, aqressiya, mübahisə, bəzən də qəza halları
baş verir.
“Tıxacların səbəbi odur ki, hər evdə 5 maşın var. Pis
yaşayır bizim millət deyirlər ki, pis yaşayırıq. Amma hamı qəşəng
alver edir, Allah özlərinə versin. Bir də ki, yollar azdır. Iki
dənə işlək yol var. Onunla cammat nə etsin. Yolları artırsınlar,
düzəltsinlər. Nəbilim vallah, hamı “kreslo” arxası ilə qaçır.
“Kreslo” axıracan heç kəsə qalmır” - sorğuda iştirak
edən müsahib bildirdi.
Tıxacın yaranmasının səbəbləri nədir? Bu problemlərin həll olunması
üçün sürücülər və piyadalar nə etməlidirlər? Mövzu ilə bağlı
Marneuli sakinləri arasında sorğu keçirdik. Sorğuda iştirak edən
sakinlərin əksəriyyəti bildirdi ki, avtomobillərin artan sayı, bina
və digər obyektlərin tikilməsi, əsas küçədən əlavə alternativ
küçələrin olmaması yollarda tıxacların yaranmasına gətirib çıxarır.
Sürücülər həll yolu olaraq bildirdilər ki, avtobuslar üçün xüsusi
zolağın ayrılması, tıxac probleminin qismən də olsa aradan
qalxmasına kömək edə bilər.
“Hər yeri qazıblar, hər yerdə tıxac var, mümkün deyil.
Həlli nə ola bilər? Böyüklərdədir günah. O gün iki maşın yan-yana
getdik. Vurdu güzgünü qırdı. Qazancımız bir şey deyil, getdim 70
lari verdim güzgü aldım. Başqa nə deyə bilərəm”, -
sorğu iştirakçısı bildirdi.
Marneuli bələdiyyəsində 6 küçədə təmassız patrul yol hərəkət
nişanları yerləşdirilib. Rustaveli, Qudiaşvili, 26 may, Kostava,
Çoloğaşvili və Ağmaşenebeli küçələrində 30 yerdə dayanmağı qadağan
edən nişanlar yerləşdirilib.
Təmassız patrul yol hərəkəti tənzimləməsinin vasitələrindən biridir
və bu zaman sürücünü dayandırmadan pozuntu qeydə alınır və
cərimələnir. Bu vasitə çox ölkələrdə mövcuddur və yol hərəkəti
qaydaları pozuntusunun qarşısının alınmasına xidmət göstərir.