"Lelo" və "Dəyişikliklər naminə Koalisiya" partiyası Marneulidə gənclərlə görüş keçiriblər
Bu gün, 20 sentyabr tarixində Marneuli Mülki Məşğulluq mərkəzində müxalifət partiyaların nümayəndələri gənclərlə görüş keçirdilər.

Görüşdə “Güclü Gürcüstan” və “Dəyişikliklər naminə Koalisiyası”nın üzvləri iştirakçıların suallarını cavablandırdılar və onlara partiyanın siyasi mövqeləri haqqında məlumat verdilər. Bu barədə “Güclü Gürcüstan” partiyasının üzvü Lana Qaldava bildirdi ki, seçkilərdə ilk dəfə səs verəcək gənclərin siyasi partiyalar haqqında məlumatlarının olması çox
əhəmiyyətlidir.

“Bu gün, biz Marneuli Mülki Məşğulluq Mərkəzindəyik. 9 nömrə “Güclü Gürcüstan” proqram sənədi olan “İlianın Yolu”nu təqdim edir. Bizim əsas hədəfimiz Avropa İttifaqı ilə danışıqların başlanılması, 200 000 iş yeri, 1000 lari pensiya, böyük infrastruktur layihələrinin həyata keçirilməsidir. Sevinirik ki, Marneulidən olan gənclər layihəyə öz dəstəklərini ifadə etdilər. Şadam ki, onlar “Güclü Gürcüstan”nın proqramını bəyəndilər”, - Lana Qaldava dedi.

“Güclü Gürcüstan” partiyasının daha bir üzvü Aqil Mustafayevin sözlərinə görə, seçkiqabağı bu kimi görüşlərin keçirilməsi vətəndaşlar və siyasi partiya nümayəndələri üçün çox əlverişlidir.

“Bu günki görüş çox əhəmiyyətli görüşdür. Biz, siyasi partiya nümayəndələrinə imkan yaradıldı ki, gənclər, qeyri-hökumət təşkilatı nümayəndələri və vətəndaşlarla görüşək. Öz siyasi platformamızın planları haqqında məlumatlarımızı verdik. İştirakçılar bizlərə istəklərini, suallarını ünvanladılar. Onlara təşəkkürümü bildirirəm”, - Aqil Mustafayev bildirdi.

Görüşdə Dəyişikliklər naminə Koalisiyasını təmsil edən Oqtay Kazımov da partiyanın siyasi baxışları haqqında auditoriyaya məlumat verdi.

“Görüşün amalı və qayəsi müxalifət partiyasından olan siyasətçilərlə görüş idi. Həmin, bu koalisiyalardan gələn nümayəndələrin müxtəlif məsələrlə bağlı fikirlərini öyrənmək idi. Biz, bunun haqqında auditoriyamıza ümumi məlumat verdik. İndi isə konkret sualların cavablandırılması prosesindəyik. Olduqca maraqlı suallar olur. Belə demək olar icmanı narahat edən məsələləri burada qaldırırlar. Bununla bağlı bizim mövqelərimizlə, həll yolları ilə maraqlanırlar. Hesab edirik ki, bu seçicilərimizin və ümumiyyətlə vətəndaşlarımızın məlumatlandırılması üçün olduqca böyük məna kəsb edir”, - Dəyişikliklər naminə Koalisiyasının üzvü Oqtay Kazımov bildirdi.

Qeyd edək ki, siyasi partiyaların gənclərlə növbəti görüşü 27 sentyabr tarixində baş tutacaq.

Tədbir “PFP” və “CEAC” tərəfindən “IWPR”-nin dəstəyi ilə həyata keçirilən “Marneulidə seçki mühitinin yaxşılaşdırılması və gənc, yeni seçicilərin fəallığının artırılması” layihəsi çərçivəsində baş tutub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google