Marneulidə “Yeni Düşüncə İnstitutu”nun təşkilatçılığı ilə Gənclər Forumu keçirildi
11 dekabr tarixində Marneulidə Gənclər Forumu keçirildi. Tədbir “Yeni Düşüncə İnstitutu”nun layihələrindən biri olan təcrübə proqramının yekunlaşdırılması ilə əlaqədar baş tutdu.

“Yeni Düşüncə İnstitutu”nun həmtəsisçisi Kamran Əfəndiyev layihə haqqında qonaqlara məlumat verdi və o, təcrübə proqramı layihəsindən 9 gəncin faydalandığını vurğuladı.

“Bir neçə il bundan əvvəl qərara almışdıq ki, Kvemo Kartli bölgəsində icma mərkəzlərinin sayını
artıraq. Bu məqsədlə fəaliyyətlər həyata keçirildi və uğurlu nəticələrimiz var idi. Son iki il ərzində artıq Bolnisidə və Dmanisidə də icma mərkəzlərinin olması qaçınılmaz hadisə idi. İnkişafın əsas yolları icma mərkəzlərindən keçir. Layihə elan olunan zaman BMT ilə görüş keçirdik. LEAD proqramı çərçivəsində layihə yazdıq və icma mərkəzlərinin təsis edilməsini tələb etdik”.

Bundan əlavə, Kamran Əfəndiyev bildirdi ki, “Yeni Düşüncə İnstitutu” artıq bir neçə ildir, təcrübə proqramları həyata keçirir. Onun sözlərinə görə, bundan əvvəlki layihədə 22 təcrübəçi müxtəlif yerlərdə və bələdiyyələrdə bu proqramı keçib və əksəriyyəti həmin yerdə qalaraq işlə təmin olunub.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) layihəsinin meneceri Lela Akiaşvili də iştirak edirdi. O, “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd etdi ki, layihə üzərində işləməyə başlayan zaman Marneulidə yaşayan gənclər onlar üçün prioritet olub və nəticədə Marneulili gənclərin gücləndirilməsi istiqamətində işləməyə başlayıblar.

“Bu gün “Yeni Düşüncə İnstitutu” ilə birlikdə həyata keçirdiyimiz layihəni yekunlaşdırdıq. Bizim təşəbbüsümüz bir il yarımdan artıq idi ki, davam edirdi. Bu indi böyük “Liderlik, Bərabərlik, Vəkillik və Demokratiya” layihəsinin bir hissəsidir. Bu böyük, 3 illik layihə bütün Gürcüstan miqyasında gənclərin, onların bacarıqlarının gücləndirilməsini və onlara imkanlar yaradılmasını nəzərdə tutur. Regionda bizə ən yaxın olan təşkilat “Yeni Düşüncə İnstitutu” idi. Buna görə də onlarla işləməyə başlayanda region səviyyəsində gənclərin gücləndirilməsi bizim üçün kifayət qədər asan baş tutdu”, – Lela Akiaşvili bildirdi.

“Yeni Düşüncə İnstitutu”nun həyata keçirdiyi layihədə Marneulinin Sadaxlı kəndindən olan Kəmalə Xəlilova da iştirak edib. O, bu cür layihələrin gələcəkdə də keçirilməsini arzulayır.

“Mən, 6 aylıq ödənişli təcrübə proqramına qoşulmaqla praktiki təcrübə qazanmaq və peşəkar bacarıqlarımı inkişaf etdirmək imkanına sahib oldum. Proqrama qoşulmağımın əsas səbəbi, akademik təhsilimi daha da möhkəmləndirmək və gələcək karyerama təkan vermək idi. Bu proqram müxtəlif iş mühitlərində işləmə qabiliyyətimi artırdı. 6 ay müddətində karqo şirkətində təcrübə keçdim. Bu müddət ərzində şirkətin gündəlik əməliyyatlarını yaxından izələyərək sahə üzrə daha geniş və daha dərin biliklər əldə etdim. Gələcəkdə də bu cür layihələrdə iştirak etməyi arzulayıram, çünki hər dəfə yeni təcrübələr qazandıqca və öz bacarıqlarımı inkişaf etdirdikcə, daha da irəliləyirəm və hər layihə mənə yenilikləri öyrənmək fürsəti yaradır”, – Kəmalə Xəlilova dedi.
Qeyd edək ki, layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Norveçin dəstəyi ilə, “Liderlik, Bərabərlik, Vəkillik və Demokratiya” təşəbbüsü çərçivəsində həyata keçirilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google