2008-ci il müharibəsinin məcburi köçkünləri Marneulidə – hökumət proqramlarından kənar
15:44 / 14.02.2025
Marneuli bələdiyyəsinin Şaumyan kəndində məcburi köçkünlərin
yaşadığı məntəqənin sakinləri Kəndə Dəstək Proqramında iştirak edə
bilmirlər.
Fevralın 13-də Şaumyanın mərkəzində keçirilən “toplantıda” öz
təşəbbüsü ilə çıxış edən və inzibati vahidə ayrılan 20 min lari
çərçivəsində həyata keçiriləcək layihələrin adını çəkən heç bir
məcburi köçkün görə bilməzdiniz. Badri Qorqodze Şaumyanda merin
nümayəndəsi vəzifəsində çalışır. “Ümumi yığıncağa” gedən zaman
ondan Şaumyanın məcburi köçkünlərinin niyə kənd proqramında iştirak
etmədiyini soruşduq. Dəqiq səbəbi bilinmir, lakin səbəblərdən biri
qəsəbənin kənd statusunun olmamasıdır.
Şaumyanın mərkəzindəki “görüşdən” sonra məcburi köçkünlər
məntəqəsinə getdik. Sakinlərin dediyinə görə, uzun müddətdir, heç
kim gəlmir. Nə yerli, nə də mərkəzi hökumətdən onlarla maraqlanan
yoxdur. Köçkünlərlə bağlı problemlər çoxdur, o cümlədən dağılmış
divarlar, yanmış tavanlar, faner döşəmələr, açıq elektrik
naqilləri, bərbad vəziyyətdə olan yollar, kiflənmiş divarlar.
Onlardan bir çoxu oradan köçməyə məcbur olublar. 2008-ci ilin
avqust müharibəsi zamanı Liaxvi dərəsindən qaçqın düşmüş 210
ailədən təxminən 75-i hazırda burada yaşayır. Yerli sakinlər qorxu
içində yaşadıqlarını deyirlər.
"Bizə nə deyirlər, nə məlumat verirlər? kimsə gəlir ki?
Bizə hər hansı məlumat verirlərmi? Bizi it yerinə sayan varmı? Mən
niyə kənd məclisində iştirak etmirəm? Mən də gələ bilərdim,
dinləyərdim, məlumat ala bilərdim və əgər ümumi bir iş üzərində iş
gedirsə, bundan yaxşı nə ola bilərdi? İnsanlar gedirlər, kirayə
pulu verirlər, mən də məcburən çıxıb getməliyəm, bu şəraitdə
yaşamaq mümkün deyil”, – məcburi köçkünlərin
məntəqəsində yaşayan qadın deyir.
“Belə çıxır ki, burada insanlar yaşamırlar. Bu tərəf
sıfırlanıb, o tərəfə yol çəkiblərsə, bu tərəfin adamları adam
deyilik? Biz bu buraya gələndə buranı canlandırdıq, nəqliyyat təmin
etdik, gürcü məktəbləri açıldı. Burada hər cür problemlər var,
bilmirəm, haradan başlayım”, – başqa bir məcburi
köçkün bildirir.
Kəndlərə Dəstək Proqramı məcburi köçkünlərin üzləşdiyi problemlərin
yeganə həlli olmaya bilər, lakin yerli sakinlər deyirlər ki, bu,
onların vəziyyətini yüngülləşdirər və problemlərini yerli hökumətlə
bölüşmək üçün alternativ olardı.
Yerli hökumət Kəndə Dəstək Proqramında məcburi köçkünlər
məntəqəsinin sakinlərinin narahatçılığının niyə nəzərə alınmadığı
və bu vəziyyətin yaxşılaşdırılması üçün hər hansı planın
olub-olmaması ilə bağlı suallara cavab almaq üçün rəsmi məktubla
müraciət etməyimizi tələb edir. “Marneuli” radiosu fevralın 14-də
saat 15:27-də Marneuli meriyasına məktubla müraciət edib.