Türkiyədən xahiş etdik ki, Suriya işğal olunmuş ərazilərin qondarma müstəqilliyini tanımaqdan imtina etsin

Gürcüstan hökuməti Türkiyədən Suriyanın yeni hakimiyyəti ilə vasitəçilik etməyi xahiş edib ki,

bu ölkə Rusiyanın işğal etdiyi Abxaziya və Tsxinvali bölgələrinin qondarma müstəqilliyinin tanınması qərarını geri götürsün.

Bu barədə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib. O, Parlamentin sədri Şalva Papuaşvili ilə birlikdə Türkiyədə rəsmi səfərdədir. 18 iyun tarixində onlar Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oktayla görüşüblər.

“Türkiyə tərəfinə müraciət etdik ki, Suriyanın yeni hakimiyyəti ilə vasitəçilik etsinlər. Əgər bu tanıma qərarı geri götürülərsə, biz də Suriya ilə diplomatik münasibətləri bərpa etməyə hazırıq”, – deyə Samxaradze bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfinə işğal olunmuş ərazilərdəki mövcud vəziyyət barədə məlumat verilib. Görüş zamanı həmçinin regionda təhlükəsizlik məsələləri və beynəlxalq münaqişələr – o cümlədən Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslər müzakirə olunub.

Məlumatda qeyd olunur ki, iyul ayında Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin də Türkiyəyə səfəri planlaşdırılır.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google