“Yeni Düşüncə İnstitutu” Türkiyədə baş vermiş zəlzələ zamanı zərər
çəkmiş insanlara dəstək olmaq üçün yardım kampaniyası təşkil edib.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı mərkəzin
təsisçilərindən Kamran Əfəndiyev verdi.
O, hamı kimi insanlıq borclarını yerinə yetirmək məqsədilə mərkəzin
üzvləri ilə birlikdə yardım kampaniyası başlatdıqlarını bildirdi.
Əfəndiyev deyir ki, kampaniya bir gün ərzində başladılıb və
Xuldərə, Mollaoğlu, Xocorni kəndlərinin sakinlərindən 5000 lari pul
toplanılıb. Əfəndiyevin sözlərinə görə, yardım yalnız maddi şəkildə
toplanmayıb. Kimin gücü nəyə çatıbsa, evindən gətirərək mərkəzə
təqdim edib.
“Yeni Düşüncə İnstitutu ailəsi olaraq Türkiyədə baş
vermiş zəlzələ nəticəsində zərər çəkən insanlara yardım etmək
qərarına gəldik. Biganə qala bilməzdik. Bu məbləğ cəmi bir günə
toplandı. 5 000 lari, paltarlar, ləvazimatlar, kim nə bacardı, onu
gətirdi. Əsasən Yeni Düşüncə İnstitutunun ailəsi, gənclər və
onların yaxın ətrafları, bizi sevən insanlar, Xocerni, Mollaoğlu,
Xuldərə kəndlərindən, dəstək olan gürcü dostlarımız bir gün
içərisində məbləğ göndərdi və bizim kampaniyamıza dəstək
oldular”.
Kampaniyaya məktəb şagirdləri də qoşulublar. Onlar isə öz
növbələrində zəlzələdən zərər çəkmiş körpələrə mənəvi dəstək olmaq
üçün məktublar yazıb və rəsmlər çəkiblər.
Kamran Əfəndiyev toplanan məbləğə gigiyenik ləvazimatlar, isti
paltarlar, qida məhsulları, tibbi ləvazimatlar və s. kimi lazım
olan hər şeyi alıblar.
“Məktəblərdə şagirdlər Türkiyədəki bacı-qardaşlarına
məktublar yazdılar, onların yanlarında olduqlarını bildirmək üçün
şəkillər çəkdilər. İnsanlar öz evlərindən təzə qış gödəkcələri,
uşaq paltarları, əlcək, papaq, corab, yorğan-döşəkləri
gətirirdilər. Kim nə bacarırdı, gətirirdi. Biz buna sevindik ki,
təşkilatımıza bu qədər insanların güvəni var. Xalqımız oradakı
insanlara biganə qalmırlar. Bu qürurvericidir. Biz bir gün ərzində
yığılan məbləği düzgün istifadə etmək üçün lazımi ləvazimatları
aldıq. Gigiyenik məhsullar, qida məhsulları, tibbi ləvazimatlar
aldıq. 30-dan artıq qutu idi. Onları qablaşdırdıq. Uşaq bezləri, əl
kağızları və qida məhsullarını heç saymadan demək olar ki, 40-50
qutu yardım paketini biz dünən Türkiyənin Gürcüstandakı səfirliyinə
təhvil verib qayıtdıq”.
O, kampaniyanın məqsədinin insanlara kiçik bir təşkilatın bir gündə
yardım kampaniyası başlatmasını və insanların bir-birinə dəstək
olmasının əhəmiyyətini göstərmək üçün başladıldığını vurğuladı.
Əfəndiyev bundan sonra toplanacaq yardımın məbləğ olaraq bir başa
Türkiyənin Gürcüstandakı səfirliyinə təqdim olunacağını dedi.
“Bizim bir günlük kampaniyamızın əsas məqsədi o idi ki,
kiçik bir təşkilat bir gün ərzində bu məbləği yığa bilirsə, onun
gəncləri özlərini bu şəkildə ifadə edə bilir, başqalarına örnək ola
bilirsə, artıq bölgələrimizdə, kəndlərimizdə, məktəblərdə,
məhlələrdə yaşayanlar bunu edə bilər. Edirlər də, əlbəttə, bundan
artığını edirlər. Hər yerdə insanlar yardım toplayır, oradakı
bacı-qardaşlarına kömək edirlər. Biz də sadəcə olaraq ictimaiyyətə
nümayiş etdirmək istədik ki, bu formada da yardım etmək mümkündür.
Ən azından orada maddi və mənəvi dəstəyə də ehtiyac var və
şagirdlər də öz məktubları ilə bu dəstəklərini göstərə bilirlər.
Kampaniyanın davamında biz maddi dəstəyi qida formasında, paltar
formasında almağı deyil, toplanan məbləği Türkiyə səfirliyinə
göndərməyi düşünürük”.
Məlumat üçün bildirək ki, Türkiyədə baş vermiş zəlzələdən zərər
çəkmiş insanlara Marneulidən yardımlar davam edir.
Zəlzələ zamanı ölənlərin sayı 18 342 nəfərə çatıb.